Bank Of Baku

Aviasiya təhlükəsizliyi personalının hazırlığı qaydası müəyyənləşib

Aviasiya təhlükəsizliyi personalının hazırlığı qaydası müəyyənləşib
# 08 aprel 2025 17:54 (UTC +04:00)

Aviasiya təhlükəsizliyinin təmini sahəsində personalın hazırlığı Qaydası təsdiqlənib.

APA-nın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.

Bu Qaydada aviasiya təhlükəsizliyinin təmini sahəsində personal dedikdə hava limanının istismarçısının, hava gəmisinin istismarçısının, yerüstü xidmət təminatçısının, bort ehtiyatları (qida) ilə təchiz edən təşkilatın, hava gəmisində təmizlik işləri ilə məşğul olan təşkilatın, hava gəmisinə texniki xidmət göstərən təşkilatın, hava hərəkətini idarəetmə xidmətinin, hava limanında (aeroportda) fəaliyyət göstərən hüquq mühafizə orqanlarının əməkdaşları nəzərdə tutulur. Aviasiya təhlükəsizliyinin təmin edilməsində bilavasitə iştirak edən idarə, müəssisə və təşkilatların, habelə aviasiya təhlükəsizliyinin təmin edilməsində bilavasitə iştirak etməyən, lakin hava limanları (aeroportlar) və aerodromların təhlükəsizlik zonalarına buraxılışı olan digər idarə, müəssisə və təşkilatların personalının aviasiya təhlükəsizliyi üzrə hazırlığa cəlb edilməsi məcburidir. Bu Qaydanın tələblərinin yerinə yetirilməsinə nəzarət Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyi tərəfindən həyata keçirilir.


Aviasiya Agentliyinin aviasiya təhlükəsizliyinin təmini sahəsində personalın hazırlığının təşkili üzrə vəzifələri aşağıdakılardır:
- tədris prosesinin metodiki, texniki və personalın hazırlıq səviyyəsi sahəsində yoxlamalar aparılmaqla bu Qaydanın tələblərinin yerinə yetirilməsini təmin etmək;
- bu Qaydanın müddəalarının təkmilləşdirilməsinə dair təkliflər vermək;
- aviasiya təhlükəsizliyinin təmini sahəsində personalın hazırlığı üzrə təlim kurslarının təşkilinə və onların keçirilməsinə nəzarət etmək;
- personala tövsiyələr vermək və metodiki kömək göstərmək;
- Beynəlxalq Mülki Aviasiya Təşkilatının və Avropa Mülki Aviasiya Konfransının üzvü olan dövlətlərlə aviasiya təhlükəsizliyinin təmini sahəsində personalın hazırlığı ilə bağlı informasiya mübadiləsinin aparılmasını təmin etmək;
- aviasiya təhlükəsizliyinin təmini sahəsi üzrə aviasiya tədris mərkəzlərinin sertifikatlaşdırılmasını həyata keçirmək;
- personalın hazırlığı üzrə proqramları təsdiq etmək.
Aviasiya təhlükəsizliyinin təmini sahəsində personalın ilkin və təkrar hazırlığının təşkili üzrə tədris mərkəzlərinin vəzifələri aşağıdakılardır:
- aviasiya təhlükəsizliyinin təmini sahəsində personalın hazırlığı üzrə tədris prosesini təşkil etmək;
- personalın hazırlığı üzrə proqramları hazırlamaq və təsdiq edilməsi üçün Aviasiya Agentliyinə təqdim etmək;
- aviasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində təlim keçmiş və sertifikat almış personalın qeydiyyatını aparmaq;
- tədris prosesində müasir avtomatlaşdırılmış metodların və qabaqcıl təcrübələrin tətbiqini təşkil etmək, tədris prosesinin maddi-texniki bazasını yaratmaq və inkişaf etdirmək.
Aviasiya təhlükəsizliyinin təmini sahəsində personalın hazırlığı iş yerindən (xidmətdən) ayrılmadan iş (xidmət) yerində və ya iş yerindən (xidmətdən) ayrılmaqla tədris mərkəzlərində keçirilir. Aviasiya təhlükəsizliyinin təmini sahəsində personalın iş yerindən (xidmətdən) ayrılmadan hazırlığı təcrübəli mütəxəssislərin rəhbərliyi ilə personalın bilavasitə iş (xidmət) yerində həyata keçirilir. Aviasiya təhlükəsizliyinin təmini sahəsində personalın iş yerindən (xidmətdən) ayrılmaqla hazırlığı Azərbaycan Respublikasında fəaliyyət göstərən Aviasiya Agentliyi tərəfindən sertifikatlaşdırılmış tədris mərkəzlərində, həmçinin xarici ölkələrdə Beynəlxalq Mülki Aviasiya Təşkilatının, Avropa Mülki Aviasiya Konfransının və Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının aviasiya təhlükəsizliyinin təmin edilməsi üzrə tədris mərkəzlərində həyata keçirilir. Aviasiya təhlükəsizliyi üzrə hazırlıq instruktorlar və tədris mərkəzlərinin tədris verənləri tərəfindən aparılır.

Aviasiya təhlükəsizliyinin təmini sahəsində personalın hazırlığının növləri aşağıdakılardır:
- aviasiya təhlükəsizliyi üzrə ilkin təlimatlandırma;
- iş (xidmət) yerində hazırlıq
- ilkin hazırlıq;
- təkrar hazırlıq;
Aviasiya təhlükəsizliyi üzrə ilkin təlimatlandırma:
İşə (xidmətə) yeni başlayan personala iş (xidmət) yerlərinə buraxılış vərəqələri verildikdə aparılır. personalın aid olduğu müvafiq orqan (qurum), yaxud təşkilatın rəhbərinin əmri ilə təyin edilmiş və aviasiya təhlükəsizliyi sahəsində ən azı 2 (iki) il təcrübəsi olan və ya instruktor sertifikatına malik olan mütəxəssislər tərəfindən keçirilir. Personalın iş (xidmət) xüsusiyyəti nəzərə alınmaqla hazırlanmış və personalın aid olduğu müvafiq orqan (qurum), yaxud təşkilatın rəhbəri tərəfindən müəyyən edilmiş yaddaş kitabçası əsasında keçirilir.
İş (xidmət) yerində hazırlıq giriş və cari hazırlıqlardan ibarət olmaqla, personal üçün iş yerindən (xidmətdən) ayrılmadan aviasiya təhlükəsizliyi sahəsində ən azı 2 (iki) il təcrübəsi olan və ya instruktor sertifikatına malik olan mütəxəssislər tərəfindən keçirilir. İxtisasa giriş hazırlığı işə (xidmətə) yeni başlayan əməkdaşlara şamil olunur. ixtisasa girişi təmin etmək məqsədilə personalın aid olduğu müvafiq orqan (qurum), yaxud təşkilatın rəhbəri tərəfindən müəyyən edilmiş hazırlıq üzrə proqram əsasında işə (xidmətə) yeni başlayan əməkdaşlara ən azı 10 (on) günlük ixtisasa giriş dərsləri təşkil olunur. Personalın iş (xidmət) yerində cari hazırlığı onların aid olduğu müvafiq orqan (qurum), yaxud təşkilatın rəhbəri tərəfindən müəyyən edilmiş hazırlıq üzrə proqram əsasında, il ərzində həcmi 40 (qırx) saatdan az olmayaraq keçirilən dərslər şəklində təşkil olunur.
İlkin hazırlıq:
- işə (xidmətə) yeni başlayan əməkdaşlar üçün tədris mərkəzlərində ilkin hazırlığa dair təlim kursları təşkil olunur və bu kurslar icra edilməsi nəzərdə tutulmuş funksiya və vəzifələri əhatə edir;
- ilkin hazırlıq üzrə təlim kurslarının tədrisi auditoriya dərsləri və praktiki məşğələlər formasında keçirilir;
- ilkin hazırlığı uğurla keçmiş personal iş funksiyalarını (xidməti vəzifələrini) yerində tam mənimsəmək üçün fəaliyyətdə (xidmətdə) təcrübəli işçilərin nəzarəti altında ən azı 5 (beş) iş günü ərzində birlikdə işləməlidirlər;
- ilkin hazırlıq keçdikdən sonra personalda peşə bacarıqlarının və vərdişlərin inkişaf etdirilməsi, onların fəaliyyətinin daimi qiymətləndirilməsi üzrə işlər mütəmadi olaraq davam etdirilməlidir.
İlkin hazırlıqdan sonra personal müntəzəm olaraq təkrar hazırlığa cəlb edilir.
İlkin hazırlıq və təkrar hazırlıq keçmiş personalın təlimin bütün aspektləri üzrə qiymətləndirməsi keçirilir. Nəzəri biliklər üzrə qiymətləndirilmə təlimin məzmununa əsaslanan test suallarından ibarət olmalıdır. Praktiki vərdiş və bacarıqlar üzrə qiymətləndirilmə tədris mərkəzləri tərəfindən personalın iş funksiyalarına (xidməti vəzifələrinə) dair aviasiya təhlükəsizliyi üzrə avadanlıqlardan istifadə etmək, habelə yoxlama prosedurlarını düzgün yerinə yetirmək bacarığının yoxlanılması məqsədilə həyata keçirilir. Nəzəri biliklərin qiymətləndirilməsi üzrə imtahanda minimal keçid balını toplamaq üçün düzgün cavabların sayı sualların ən azı 80 (səksən) faizini təşkil etməlidir. Praktiki vərdiş və bacarıqların qiymətləndirilməsi üzrə imtahanda personalın iş funksiyalarına (xidməti vəzifələrinə) dair aviasiya təhlükəsizliyi üzrə avadanlıqlardan istifadə olunduqda, habelə yoxlama prosedurlarının yerinə yetirilməsi düzgün təmin edildikdə nəticə uğurlu hesab olunur. Nəzərdə tutulmuş nəticəni əldə edə bilməyən personalın təkrar qiymətləndirilməsi müvafiq imtahana uyğun olaraq ən azı 3 (üç) gündən sonra aparılmalıdır. Nəzərdə tutulmuş nəticəni əldə edə bilməyən personalın biliklərinin 2 (iki) dəfə təkrar qiymətləndirilməsinə icazə verilir. Personal 2 (iki) dəfə təkrar qiymətləndirilmə zamanı uğurlu nəticə əldə edə bilmədikdə təkrar hazırlığa cəlb olunur. imtahanların müsbət nəticələrinə əsasən personala sertifikat təqdim olunur.

Personalın aid olduğu müvafiq orqan (qurum), yaxud təşkilatda və tədris mərkəzlərində personalın hazırlıq prosesinə aid məlumatların qeydiyyatı aparılmalıdır. Personalın hazırlıq prosesinə aid məlumatların qeydiyyatı personalın aid olduğu müvafiq orqan (qurum), yaxud təşkilatda və tədris mərkəzlərində 5 ildən az olmayaraq saxlanılmalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR