Orta Dəhlizin əsas potensialı yalnız yüklərin daşınmasında deyil, regionda investisiyaların, məşğulluğun və özəl sektorun inkişafının stimullaşdırılmasındadır.
“APA-Economics” xəbər verir ki, bunu Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Natali Muravidze Azərbaycan–Avropa İttifaqı Biznes Forumunda keçirilən panel müzakirəsində bildirib.
Onun sözlərinə görə, Orta Dəhlizin uğuru yalnız daşınan konteynerlərin sayı ilə deyil, yaratdığı investisiya, iş yerləri və biznes imkanları ilə ölçülməlidir.
“Əsas imkan Orta Dəhlizi nəqliyyat dəhlizindən iqtisadi dəhlizə çevirməkdir”, – deyə N. Muravidze vurğulayıb.
O bildirib ki, dəhliz logistika xidmətlərinin, anbar təsərrüfatının, emal və istehsal müəssisələrinin, eləcə də ixracyönümlü bizneslərin inkişafına təkan verməlidir.
AYİB rəsmisinin sözlərinə görə, nəqliyyat əlaqələrinin genişləndirilməsi dayanıqlı inkişaf və enerji keçidi məqsədləri ilə birlikdə regionda daha geniş iqtisadi transformasiyanın əsasını qoya bilər.