İşğaldan azad edilmiş ərazilərdə 20 yaşayış məntəqəsi üzrə layihələndirmə işləri yekun mərhələdədir.
APA xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Ramil Cahangirov Zəfər Gününə həsr edilmiş sərgidə deyib.
O bildirib ki, ötən müddət ərzində işğaldan azad edilmiş ərazilərin Ümumi planı, 8 şəhərin Baş planı, habelə Xankəndi, Xocalı, Ağdərə və Xocavənd şəhərlərinin Baş planları hazırlanmaqdadır:
"Eyni zamanda 90-dan çox kənd və qəsəbənin layihə sənədləri təsdiq edilib, 20 yaşayış məntəqəsi üzrə layihələndirmə işləri isə yekun mərhələdədir. Layihələrə əsasən, həmin məkanlarda yeni yaşayış kompleksləri, təhsil və səhiyyə müəssisələri, ictimai-iaşə obyektləri, muzey və mədəniyyət mərkəzləri tikilir, yol-küçə şəbəkələri, turizm və rekreasiya zonaları və sənaye parkları salınır, enerjiyə qənaət edən tikinti və “ağıllı” infrastruktur həlləri tətbiq olunur".
Ramil Cahangirov qeyd edib ki, beləliklə, “Böyük Qayıdış” prosesi getdikcə daha intensiv xarakter alır: "Çünki biz ilkin mərhələdə daha çox planlaşdırma işi ilə məşğul idiksə, artıq real nəticələr göz önündədir. Bugünkü sərgidə də biz elə həmin nəticələrin bir növ hesabatını təqdim edirik.
Bu gün işğaldan azad olunmuş ərazilərdə sosial infrastrukturla yanaşı, yol-nəqliyyat şəbəkəsi də qurulur, 300 km-dən artıq yollar layihələndirilir və tikilir, dəmir yolları, beynəlxalq hava limanları inşa edilir".