Bölgədə yaranmış yeni reallıqlar və azad olunmuş ərazilərdəki yeni əməkdaşlıq imkanları barəsində də müzakirəmiz oldu.
APA xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov macarıstanlı həmkarı ilə birgə brifinqdə deyib.
“Bildiyiniz kimi, Cəbrayılda macar şirkətləri Soltanlı yaşayış məntəqəsindəki tikinti layihələrini həyata keçirir. Bu birgə əməkdaşlığımızın təzahürüdür.
Sözsüz ki, görüşümüz zamanı işğaldan azad olunmuş ərazilərə qayıdış, mina təhdidi və digər bu kimi məsələlər barədə də danışdıq. Eyni zamanda, həmkarıma Azərbaycan-Ermənistan arasındakı normallaşma prosesi barəsində, danışıqları prosesinin gedişi barədə, sülh müqaviləsi, eləcə də Almatı danışıqları barəsində məlumatlar verdim”, - nazir əlavə edib.
Ceyhun Bayramov Macarıstanda azərbaycanlı tələbələrinin sayının ilbəil artdığını da qeyd edib: “Artıq 1300-ə yaxın azərbaycanlı tələbə macar hökuməti tərəfindən ayrılan təqaüd proqramından faydalanır. Layihə bu yaxınlarda daha da uzadılıb”.