"Botnet"ə yoluxma ən asan metodlardan biri olduğu üçün ona yoluxan kompüterlərin sayı bütün dünyada olduğu kimi Azərbaycanda da çoxdur.
"APA-Economics" xəbər verir ki, bunu "Azərbaycanda pandemiya dövründə dələduzluq" adlı onlayn mətbuat konfransında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kritik İnfrastrukturun və İnternetin Təhlükəsizliyi İdarəsinin rəisi Tural Məmmədov deyib.
Onun sözlərinə görə, "Botnet" – DDoS hücumlarının tərkib hissəsidir və bu, həmişə beynəlxalq kibertəhdidlər statistikasının ilk onluğunda yer alır.
"Azərbaycanda da "Botnet"ə yoluxan "zombi kompüterlər"in sayı az deyil və bu problem həmişə aktual olaraq qalmaqdadır. Biz çalışırıq, bütün "Botnet" üzvlərini, əsasən də mərkəzi serverlərə çıxışları bloklayaq ki, onlar komandaları ala bilməsin", - deyə T. Məmmədov qeyd edib.
Qeyd edək ki, "Botnet" – botlarla (müstəqil proqram təminatı ilə) işləyən bir sıra hostlardan ibarət kompüter şəbəkəsidir.