Bu ilin yanvar-fevral aylarında "Azəriqaz" İstehsalat Birliyi 2 162 mln. kubmetr qaz qəbul edib ki, bu da illik müqayisədə 5% çoxdur.
"APA-Economics"in məlumatına görə, bu barədə "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə bildirib.
Onun sözlərinə görə, bu ilin yanvar-fevral aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə 113 mln. kubmetr çox qaz qəbul edilib.
Hesabat dövründə qaz paylayıcı şəbəkəyə verilən qazın 1 707 mln. kubmetri əhali, 454 mln. kubmetri isə qeyri-əhali abonent qrupunun payına düşüb.
R. Əliyev onu da qeyd edib ki, hesabat dövründə ümumi qazpaylayıcı şəbəkəsi üzrə ümumi qaz itkiləri 6,8% təşkil edib, bu da illik müqayisədə 2,6 faiz bəndi (45 mln. kubmetr) azdır.
Bununla yanaşı, yanvar-fevral aylarında istifadə edilmiş qaz üzrə ödəniş səviyyəsi 96,4% təşkil edib (əhali – 93,5%, qeyri-əhali – 100%), bu da illik müqayisədə 22,8 faiz bəndi çoxdur.
İB rəsmisinin sözlərinə görə, hesabat dövründə "Azəriqaz" üzrə 10 775 yeni abonent qeydə alınıb, onlardan 10 197 əhali, 578-i isə qeyri-əhali abonentlərinin payına düşüb.