İslam İnkişaf Bankı (İİB) Qrupunun Ölkə əməliyyatları üzrə meneceri Dr. Fərid Əhməd Xanın Azərbaycana səfəri çərçivəsində bankın nümayəndələri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində olublar.
Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, nümayəndə heyəti ilə keçirilmiş görüşdə Azərbaycanla bank arasında cari əməkdaşlıq məsələləri və İİB tərəfindən maliyyələşdirilə biləcək potensial layihələrlə bağlı müzakirələr aparılıb.
Nəqliyyat, “ağıllı şəhər”, “ağıllı kənd”, xüsusilə də şəhərlərin transformasiyası sahəsində layihələrin bank tərəfindən dəstəklənməsi, rəqəmsal transformasiya sahəsində bankın texniki dəstəyinin əldə edilməsi imkanları müzakirə edilib.
Eyni zamanda, qarşı tərəf işğaldan azad olunmuş ərazilərimizdə İKT, nəqliyyat və infrastruktur sahəsində konkret layihələrin maliyyələşdirilməsində əməkdaşlıq etmək niyyətində olduğunu bildirib.