İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan "Azərbaycan Standartlaşdırma İnstitutu" PHŞ-nin səyyar asfalt-beton laboratoriyası il ərzində sınaq üçün yüzlərlə nümunə götürür.
Bu barədə "APA-Economics"ə laboratoriyanın müdiri Rasim Bayramlı deyib.
Onun sözlərinə görə, Azərbaycanda yeganə olan bu cür səyyar laboratoriyanın üstünlüyü ondan ibarətdir ki, onun vasitəsi ilə yolların tikintisi zamanı yoxlamaq üçün nümunələrin götürülməsi ilə yanaşı, yolun tikintisindən sonra da bu proseduru yerinə yetirmək mümkündür.
Belə ki, R. Bayramlının sözlərinə görə, kernın alınma sınağı vasitəsilə səyyar laboratoriya artıq çəkilmiş yolun asfalt örtüyünün qalınlığını və keyfiyyətini müəyyən edə bilir.
Səyyar laboratoriya parkının genişləndirilməsi planları ilə bağlı suala cavab verərkən, R. Bayramlı qeyd edib ki, hazırda olan sifarişlərin həcmini nəzərə alaraq bir səyyar laboratoriyanın imkanları yetərlidir. Lakin maraq artsa və sifarişlər çoxalsa laboratoriyaların sayını artırmaq mümkündür.