Azərbaycanın bir neçə dövlət qurumu (Dövlət Vergi Xidməti, Mərkəzi Bank, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyinin lisenziyalaşdırma şöbəsi) elektron satınalmalar portalına inteqrasiya olunur.
"APA-Economics" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 2021-ci il üzrə fəaliyyətinə dair mətbuat konfransında çıxış edən Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli deyib.
Onun sözlərinə görə, bununla əlaqədar olaraq texniki tapşırıqlar hazırlanıb və hazırda inteqrasiya prosesi gedir.
"Bu, sahibkarlara çox böyük üstünlük verəcək. Proses bitdikdən sonra satınalmalarda iştirak edən sahibkarlar heç bir təşkilatlara gedib kağızla müraciət edib hər hansı sənədin almasına ehtiyac olmayacaq. Dövlət satınalmaları portalında satınalma prosesində o sənədlərin, lazım olan arayışları birbaşa yüklənilməsi təmin olunacaq. Banklar tərəfindən təminat məktublarının yüklənilməsi təmin olunacaq", - deyə M. Abbasbəyli qeyd edib.