Bu ilin yanvar-fevral aylarında Azərbaycanda mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi 160 mln. manat təşkil edib.
Bu barədə "APA-Economics"ə Dövlət Statistika Komitəsindən bildirilib.
Hesabat dövründə ölkə üzrə mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 mln. manat və ya 10,3% artıb.
Mobil rabitə sektorunun gəlirləri ümumi telekommunikasiya bazarının gəlirlərinin 42%-ni təşkil edib.
“Cari ilin ilk iki ayında informasiya və rabitə müəssisələri tərəfindən 381,3 mln. manatlıq xidmət göstərilib. Xidmətlərin 76,3%-i əhali tərəfindən istehlak olunub. Ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə informasiya və rabitə xidmətlərin dəyəri cari ilin yanvar-fevral aylarında real ifadədə 7,4% artıb", - komitədən bildirilib.