Azərbaycanda il ərzində "Azəriqaz" İB tərəfindən təqribən 80 min yeni abonenti qeydə alınır.
"APA-Economics"in xəbərinə görə, bunu "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə bildirib.
"Soruşurlar bəzən ki, qazlaşma prosesi nə vaxt bitəcək? Heç vaxt bitməyəcək. Çünki əgər il ərzində 80 min yeni abonent meydana gəlirsə, deməli, bu, 80 min civarında qazlaşma istəyən vətəndaşın olması deməkdir", - E. Vəliyev bildirib.
Onun sözlərinə görə, bütün bu prosesləri həyata keçirmək və qalan yaşayış məntəqələrinin qazlaşması da böyük bir vaxt, maliyyə vəsaiti tələb edir və ona görə də mərhələli şəkildə həyata keçirilir.
"Bütün bunların hamısını eyni anda görmək, başa çatdırmaq mümkün deyil. Tutaq ki, bir yaşayış massivini, kəndi qazlaşdırırıq, bir ildən sonra həmin kənddə 20-30 yeni ev yaranır və təzədən onlar müraciət edirlər ki, bütün kənd qazlaşıb amma 30 ev qazlaşmayıb. Bunlar hamısı artım deməkdir", - E. Vəliyev vurğulayıb.