Bank Of Baku

"Azərkosmos"un yeni Nizamnaməsi və strukturu təsdiq edilib

"Azərkosmos"un yeni Nizamnaməsi və strukturu təsdiq edilib
# 28 fevral 2022 19:45 (UTC +04:00)

Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxsin yeni Nizamnaməsi təsdiq edilib.

APA xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, “Azərkosmos” publik hüquqi şəxsin yeni strukturu da təsdiqlənib.

Nizamnaməyə əsasən, Agentliyin nizamnamə fondunun məbləği 272 605 880 manatdır.

Agentlik öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir.

Agentliyin idarəetmə orqanı İdarə Heyətidir.

Agentliyin İdarə Heyəti 3 üzvdən - Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən İdarə Heyətinin sədri və Nazirlik tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyəti sədrinin 2 (iki) müavinindən ibarətdir.

“Azərkosmos”un fəaliyyət istiqamətləri aşağıdakılardır:

- peyklər və digər kosmik obyektlər əsasında qurulan sistemlər vasitəsilə Azərbaycan Respublikasının qlobal informasiya məkanına inteqrasiyasını genişləndirmək;

- dövlət orqanlarının və qurumlarının, yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin müxtəlif təyinatlı peyk şəbəkələrinə qoşulma imkanları ilə təmin etmək

- Azərbaycan Respublikasında kosmik fəaliyyət sahəsində sahibkarlığı təşviq etmək, möhkəmləndirmək və dayanıqlı inkişafını dəstəkləmək;

- peyklər və peyk sistemləri vasitəsilə peyk rabitəsi, telekommunikasiya xidmətləri, yüksəksürətli peyk internet xidməti, radio və televiziya yayımı, məsafədən qəbuletmə, Yer müşahidə, zondlama, şəkil çəkmə, kosmik təsvirlər üzrə xidmətləri və digər növ peyk xidmətlərini təşkil və təqdim etmək;

- telekommunikasiya, Yer müşahidə və digər təyinatlı peyklərin və digər kosmik obyektlərin layihələndirilməsi, istehsalı, kosmik fəzaya, Yer və səma cisimləri ətrafında orbitə çıxarılması, səma cisimlərinin səthinə çatdırılması və istismara verilməsi məqsədilə kosmik aparat, peyk istehsalçısı, buraxılma vasitəsi, yerüstü sistem və qurğuları, o cümlədən əlaqədar risklərin sığortalanması məqsədilə sığortaçıları, təkrarsığortaçıları və sığorta vasitəçilərini seçmək, yaxud belə işlərin yerinə yetirilməsini təşkil etmək;

- peyklərdən, peyk sistemləri və yerüstü qurğulardan səmərəli istifadəni və kommersiya fəaliyyətini təşkil etmək;

- kosmik fəzada olan peykləri və onunla əlaqədar olan yerüstü peyk idarəetmə sistemlərini istismara qəbul etmək;

- məsləhət və layihələndirmə xidmətləri daxil olmaqla, Azərbaycan Respublikasında və onun hüdudlarından kənarda peyk xidmətlərinin və peyk avadanlıqlarının, proqram təminatlarının satışını həyata keçirmək, o cümlədən müvafiq satış şəbəkəsini yaratmaq;

- peyk idarəetməsi və istismarı, peyk xidmətləri və onların marketinqi, orbital mövqelərin və əlaqədar radiotezliklərin koordinasiyası, kosmik operatorlarla əlaqələrin tənzimlənməsi üzrə kadrların hazırlanmasını təşkil etmək və s.

Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifələri aşağıdakılardır:

- kosmik tədqiqatların və onların nəticələrinin ölkədə tətbiq edilməsinə dair təkliflər hazırlamaq və Nazirliyə təqdim etmək;

- Azərbaycan Respublikasında nano-peyklərin (ümumi çəkisi 10 kiloqramdan artıq olmayan), mikro-peyklərin (ümumi çəkisi 100 kiloqramdan artıq olmayan), digər növ kiçikhəcmli peyklərin yığılmasının istehsal güclərini və Yerətrafı aşağı orbitlərə çıxaran daşıyıcı xidmətləri yaratmaq, pilotlu kosmik uçuşlara hazırlıq proqramlarının dünya təcrübəsində sınaqdan keçmiş uyğun hissələrini tətbiq etmək;

- orbital mövqelər üzrə radiotezliklərdən, o cümlədən plandankənar geostasionar peyk şəbəkələrindən istifadə hüquqlarını əldə etmək;

- xarici dövlətlərin kosmik agentlikləri və müvafiq sahədə digər aidiyyəti dövlət qurumları ilə kosmosdan dinc məqsədlərlə istifadə sahəsində və beynəlxalq peyk rabitəsi sahəsində əməkdaşlıq etmək, o cümlədən beynəlxalq təşkilatlarda Azərbaycan Respublikasını təmsil etmək;

- Azərbaycan Respublikasının kosmik obyektlərinin uçota alınması üçün tədbir görmək; Və s.

Agentliyin fəaliyyətinə nəzarəti Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Nazirlər Kabineti, Nazirlik, həmçinin bu Nizamnamə ilə müəyyən edilmiş qaydada Agentliyin İdarə Heyəti həyata keçirirlər. Agentliyin fəaliyyətinə dair illik hesabat Nazirliyə təqdim edilir.

“Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)”publik hüquqi şəxsin strukturuna isə “Azərkosmos” publik hüquqi şəxsin Aparatı daxildir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR