Bakı-Quba avtomobil yolunda layihələndirməyə uyğun olaraq, sürətin tənzimlənməsi üçün yol nişanları quraşdırılıb.
"APA-Economics"in verdiyi xəbərə görə, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov 2021-ci il ərzində görülmüş işlərlə bağlı mətbuat konfransı zamanı bildirib.
"Quba yolunda bir neçə gün əvvəl baş vermiş faciə özümə də çox pis təsir edib. Amma mətbuat işçiləri gündəlik avtomobil yollarında olan faciələrin sayını hesablasalar, görərlər ki, bu da onların biridir", - S. Məmmədov qeyd edib.
Onun sözlərinə görə, layihələndirməyə uyğun olaraq, o yolda sürətin tənzimlənməsi üçün yol nişanları və işarələri qoyulub: "Hər bir yoldan istifadə edən sürücü onlara riayət etsə, qəza olmaz".
Agentliyin sədri qeyd edib ki, ümumiyyətlə, həmin ərazidə yolda dalğavari heç nə yoxdur. O yolda üç zolaqdan iki zolağa keçməsi barədə nişan qoyulub.
S. Məmmədov bildirib ki, Quba yolunun bərpası üçün mütəmadi işlər aparılır: "Quba yoluna hazırda yeni alternativ yol çəkilir və yol 2022-ci ilin sonuna qədər istifadəyə veriləcək".