Son geosiyasi hadisələr fonunda Avropa-Asiya arasında qlobal təchizat zəncirində Azərbaycanın rolu artacaq.
"APA-Economics" xəbər verir ki, bunu Bakı Limanının baş direktoru Taleh Ziyadov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, son hadisələr (Rusiya-Ukrayna müharibəsi – red.) onu göstərir ki, Orta dəhliz adlandırılan və Azərbaycanın da fəal iştirak etdiyi bu dəhlizin əhəmiyyəti artır.
"Ümumiyyətlə, bizim əsas üç faktora fikir verməmiz lazımdır. Birincisi, bu dəhlizin əhəmiyyəti qısa və orta müddətdə artacaq", - T. Ziyadov qeyd edib.
Onun sözlərinə görə, ikinci faktor ondan ibarətdir ki, son hadisələr Azərbaycanın 130 mln. insanın yaşadığı bu regionun logistika mərkəzinə çevrilməsi üçün növbəti mərhələnin çatmasını göstərir.
"Üçüncüsü, son hadisələr Zəngəzur dəhlizinin əhəmiyyətini göstərir. Bu koridor vasitəsilə nəinki Şimal-Cənub istiqamətində olan yükdaşımalar həyata keçiriləcək, eyni zamanda dəhliz Mərkəzi Asiyadan, Çindən Aralıq dənizə çıxışı təmin edəcək. Bu üç amil Azərbaycanı Avropa ilə Asiya arasında təminat zəncirində əhəmiyyətli oyunçu edəcək", - T. Ziyadov qeyd edib.