Hesabat ilində Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyində və nəqliyyat dəhlizlərinin inkişafında rolu daha da güclənib.
APA-nın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatını təqdim edən Baş nazir Əli Əsədov bildirib.
Baş nazir deyib ki, Azərbaycan qazı ilə təchiz edilən ölkələrin sayı 8-ə çatıb: “Gələcəkdə bizim ixrac coğrafiyamız Avropa istiqaməti üzrə daha da artacaq. Eyni zamanda ölkəmiz böyük bərpaolunan külək və günəş enerjisi potensialına malikdir. Prezident İlham Əliyevin uğurlu enerji siyasətinin nəticəsində bu istiqamətdə mühüm işlər görülür. Ölkədə, habelə Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyası olan 230 MVt gücündə “Qaradağ” Stansiyası istismara verilib. 2023-cü ildə Naxçıvanda 400 MVt gücündə günəş elektrik stansiyasının tikintisi və elektrik enerjisinin Türkiyəyə ixracı üzrə əməkdaşlığa dair Memorandum imzalanıb. Azərbaycanın ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin ötürmə qabiliyyətinin artırılması və tranzit potensialının reallaşdırılması üçün kompleks tədbirlər həyata keçirilməkdədir. 2023-cü ildə nəqliyyat dəhlizlərində daşınmış yüklərin həcmi 32,8 mln.ton olubr. Dəhlizlər vasitəsilə daşınmış yüklərin 57%-ni tranzit yüklər təşkil etmişdir. Azərbaycan ərazisindən keçən tranzit yükdaşımalar 12,5 faiz artıb”.