Bulud əsaslı yeni nəsil SİMA adlı elektron imza (e-imza) yaxın vaxtlarda istifadəyə veriləcək "E-taxes.gov.az" portalına inteqrasiya oluna bilər.
"APA-Economics" xəbər verir ki, bunu "İnklüziv və davamlı inkişaf üçün vergi islahatları: rəqəmsal transformasiya ilə könüllü əməletməyə doğru" mövzusunda sahibkarların iştirakı ilə video-formatda keçirilən Forumda qeyd olunan məsələyə dair sualı cavablandıran Dövlət Vergi Xidmətinin rəisinin müşaviri Sərxan Həşimov deyib.
Onun sözlərinə görə, yeni portal tamamilə yeni texnologiyalar üzərində yazıldığına görə, onun təkmilləşdirilməsi daha rahatdır.
"SİMA və yaxud gələcəkdə yeni e-imzalar yarandığı, geniş istifadə edildiyi və ümumiyyətlə ölkə səviyyəsində qəbul edildiyi təqdirdə təbii ki, SİMA-nı da ora giriş imkanı olaraq əlavə etmək mümkündür. Bu, çətin bir proses olmayacaq", - deyə S. Həşimov qeyd edib.
Xatırladaq ki, bulud əsaslı yeni nəsil rəqəmsal imza SİMA Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən "AzInTelecom" MMC tərəfindən dövlət-özəl tərəfdaşlığı çərçivəsində hazırlanıb.
Yeni imza vasitəsilə elektron hökumət xidmətləri, həmçinin bank, bank olmayan kredit təşkilatları (BOKT), sığorta, mobil operatorlar, elektronika, məişət, TV və internet provayderlər, elektron imza tətbiq olunan bütün sahələr üzrə xidmətlər, eləcə də məhsullar əldə etmək mümkün olacaq. Bulud texnologiyası əsasında elektron imza vətəndaşlar üçün pulsuz olacaq.