Digər dövlətdə qeydiyyatda olan mülki hava gəmilərinin uçuşa və istismara yararlılığının təmin edilməsi, uçuş heyətinə və uçuş sənədlərinə dair tələblərin həyata keçirilməsi Qaydası təsdiqlənib.
APA-nın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.
Qaydaya əsasən, Azərbaycan Respublikasının ərazisinə enən və ərazisindən qalxan digər
dövlətdə qeydiyyatda olan mülki hava gəmisinin istismarçısı istismarçı sertifikatına və istismar tələblərinə uyğun fəaliyyət göstərməli, uçuşları naviqasiya, kommunikasiya və müşahidə avadanlıqları ilə təchiz edilmiş və bu Qayda ilə müəyyən edilmiş digər tələblərə cavab verən hava gəmisi ilə yerinə yetirməlidir. Azərbaycan Respublikasının ərazisinə enməsi və ərazisindən qalxması üçün digər dövlətdə qeydiyyatda olan hava gəmisinin Beynəlxalq Mülki Aviasiya Təşkilatının üzv dövlətləri ilə saziş imzalamış və uçuşa yararlılıq sertifikatının verilməsi öhdəliyini ötürmüş qeydiyyat dövləti və ya istismarçı dövlət tərəfindən verilmiş hava gəmisinin uçuşa yararlılıq sertifikatı olmalıdır.
Bu Qaydanın tələblərinin yerinə yetirilməsinə nəzarət Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi tərəfindən həyata keçirilir.
Digər dövlətdə qeydiyyatda olan istismarçı uçuşdan əvvəl istismar etdiyi hava gəmisində aşağıdakıları yoxlamalıdır:
- hava gəmisinin heyəti və sərnişinlər üçün tələb olunan miqdarda oksigen təminatı;
- mətni ilə birlikdə sərnişin təlimatlandırma kartları;
- uçuş heyəti və sərnişin kabinəsində daşınabilən yanğınsöndürücü vasitələr;
- xilasedici qayıq və xilasetmə jiletləri, yaxud fərdi üzmə vasitələri;
- pirotexniki qəza-xəbərdarlıq qurğuları;
- ilkin və təcili tibbi yardım çantaları;
- möhkəmləndirilmiş konstruksiyaya malik uçuş heyəti kabinəsinin qapısı;
- qəza çıxış işarələri və işıqlandırılma;
- havada toqquşmaların qarşısının alınması üzrə xəbərdarlıq sistemi;
- qəza mayakları;
-. hava gəmisinin uçuş məlumatının qeydiyyatı, uçuş heyətinin kabinəsinin səsyazmasını, uçuş görüntülərinin çəkilişini və məlumat bağlantısını qeydə alan qurğular;
- yer səthinə təhlükəli yaxınlaşma barədə xəbərdarlıq sistemi.
Digər dövlətdə qeydiyyatda olan istismarçı tərəfindən istismar edilən hava gəmisinin bortunda aşağıdakılar olmalıdır:
- hava gəmisinin qeydiyyat sertifikatı;
- hava gəmisinin uçuşa yararlılıq sertifikatı;
- istismarçı sertifikatı və istismar tələbləri;
- hava gəmisinin uçuş təlimatı və ya onun gəmisinin uçuş-texniki xarakteristikalarını göstərən digər sənəd;
- radioavadanlıq sertifikatı;
- hava gəmisi jurnalı, yaxud texniki qeydiyyat kitabı və ya ümumi bəyannamə;
- hava gəmisinin texniki xidmət buraxılışı;
- yanacaqla və yağla doldurulmaya dair qeydlər;
- səs-küy çirklənmələri normalarına uyğunluq üzrə sertifikat;
- minimal avadanlıqların siyahısı;
- hava gəmisinin istismar təlimatı;
- normal, qeyri-normal və qəza vəziyyətində fəaliyyət prosedurlarına dair
yoxlama siyahıları;
- aeronaviqasiya xəritələri;
- qanunsuz müdaxilə aktlarının baş verdiyi hallarla bağlı hava gəmisinin axtarışı proseduru üzrə yoxlama siyahısı;
- tələblərə uyğun tərtib edilmiş yük və balans sənədləri;
- meteoroloji məlumatları və proqnozları əks etdirən sənədlər;
- operativ uçuş planı;
- NOTAM-lar (Aeronaviqasiya Məlumat Xidmətinin heyətə vaxtında çatdırılması mühüm olan məlumatlardan ibarət bildirişlər).
Digər dövlətdə qeydiyyatda olan istismarçı tərəfindən istismar edilən hava gəmisinin uçuş heyəti:
- şəhadətnamə, vəsiqə və sertifikatlara, habelə uçuş heyətinin hər bir
üzvünün tibbi yoxlamadan keçməsini təsdiq edən sənədlərə malik olmalıdır;
- uçuşdan əvvəl alkoqollu içki, narkotik vasitələr, psixotrop maddələr və
onların prekursorlarını və ya uçuşların təhlükəsizliyinə təsir göstərə bilən dərman
vasitələrini qəbul etməməlidir.