Bu ilin fevral ayında Azərbaycanda kompüter təhlükəsizliyi ilə bağlı dövlət strukturları tərəfindən açılan sorğuların sayı yanvar ayı ilə müqayisədə 17,9% azalaraq 390 təşkil edib.
"APA-Economics"in Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin (CERT) hesabatı əsasında apardığı hesablamalara görə, fevral ayı ərzində mərkəzə daxil olan sorğulardan 96,6%-nə baxılıb və təmin edilib.
Məlumata əsasən, fevralda Azərbaycan internet məkanında dövlət qurumlarına aid 4 domen və 19 yeni subdomen qeydiyyatdan keçib. Mərkəz tərəfindən informasiya təhlükəsizliyi üzrə audit keçirilərək, müvafiq dövlət qurumlarına 14 hesabat təqdim edilib.
Ümumilikdə, bu ilin yanvar-fevral ayları ərzində kompüter təhlükəsizliyi ilə bağlı müraciətlərin ümumi sayı 856 təşkil edib ki, bu da 2021-ci ilin eyni göstəricisi ilə müqayisədə 3,4% çoxdur.
Qeyd olunan dövr ərzində ümumi sorğuların 98,8%-nə baxılaraq təmin edilib, müvafiq dövlət qurumlarına 47 hesabat təqdim edilib. Bu ilin ilk iki ayında Azərbaycanın internet seqmentində 12 domen və 33 subdomen qeydiyyata alınıb.