Heydər Əliyev Beynəlxalq Aeroportu qlobal Hava Limanı Karbon Akkreditasiyası (ACA) proqramı çərçivəsində 2-ci Səviyyə (Reduction) Sertifikatına layiq görülüb. Bu akkreditasiya son üç ildə karbon tullantılarının azaldılmasını təsdiq edərək, Bakı aeroportunun dayanıqlı inkişaf və iqlim dəyişikliyinin təsirinin azaldılması üzrə strateji addımını nümayiş etdirir.
""APA-Economics" xəbər verir ki, ACA proqramı Beynəlxalq Hava Limanları Şurası (ACI) tərəfindən yaradılıb və hava limanlarında karbon tullantılarının azaldılmasına yönəlmiş yeganə ixtisaslaşmış proqramdır. Bakı hava limanı ilkin mərhələni (Mapping) tamamlayaraq 2-ci Səviyyəyə (Reduction) nail olub və su təchizatı, istilik, havalandırma, işıqlandırma və kondisionerləşdirmə sistemlərinin modernləşdirilməsini uğurla həyata keçirib. Bu tədbirlər R-22 soyuducusunun və civə buxarının istifadəsini aradan qaldıraraq karbon izinin daha da azaldılmasına töhfə verib.
“Heydər Əliyev Beynəlxalq Aeroportunun, Azərbaycanın ən işlək hava limanı olaraq, ölkədə ilk dəfə birbaşa 2-ci səviyyə “Azaltma” (Reduction) üzrə ACA akkreditasiyasını alması qürurverici bir hadisədir. Qarşıdan gələn COP29 konfransının nümayəndələrinin əsas gəliş məntəqəsi olaraq, bu akkreditasiya hava limanı sənayesinin iqlim dəyişikliyinə qarşı mübarizə aparmaq üçün dünya miqyasında göstərdiyi davamlı səyləri əks etdirir. Birbaşa 2-ci səviyyədə sertifikatlaşdırma o deməkdir ki, hava limanı 1-ci və 2-ci kateqoriyalar üzrə tullantıların azaldılması üzərində fəal işləyir və hava nəqliyyatının dayanıqlı gələcəyinə töhfə verir. Bu mühüm nailiyyətə görə bütün komandaya əhsən», - Avropa Hava Limanları Şurasının (ACI Europe) baş direktoru Olivye Yankovets bildirib.
“Heydər Əliyev Beynəlxalq Aeroportu fəaliyyətinin ətraf mühitə minimal təsir göstərməsinə və belə bir hal baş verərsə, onun nəticələrinin minimuma endirilməsinə çalışır. ACA proqramının əsas prinsiplərinə uyğun olaraq, ekoloji təşəbbüsləri inkişaf etdirmək və qlobal davamlılıq məqsədlərinə töhfə verməklə daha yüksək karbon akkreditasiyası səviyyəsinə nail olmaq niyyətindəyik”, - deyə Bakı aeroportunun direktoru Teymur Həsənov vurğulayıb.
Hava limanının cari dayanıqlı inkişaf hədəflərinə karbon akkreditasiyası üzrə 3-cü Səviyyəyə (Optimisation) yüksəlmək daxildir. Bu mərhələ karbon tullantılarının optimallaşdırılması və bütün maraqlı tərəflərlə fəal əməkdaşlığı nəzərdə tutur.
Qeyd edək ki, ACA proqramı hava limanlarının karbon tullantılarını idarəetmə və azaltma səylərini yeddi sertifikatlaşdırma səviyyəsi vasitəsilə qiymətləndirir və tanıyır: “Xəritəçəkmə” (Mapping), “Azaltma” (Reduction), “Optimallaşdırma” (Optimisation), “Neytrallıq” (Neutrality), “Transformasiya” (Transformation), “Keçid” (Transition) və 5-ci Səviyyə (Level 5).