Jurnalistlər təyyarənin sükanı arxasında: Azərbaycandan ABŞ-ə virtual səyahət - FOTO

Jurnalistlər təyyarənin sükanı arxasında: Azərbaycandan ABŞ-ə virtual səyahət - FOTO
# 13 sentyabr 2024 15:20 (UTC +04:00)

Bütün nəqliyyat növləri arasında hava nəqliyyatı hələ də bir çox insanlar üçün çox sirli və cəlbedici olaraq qalır. O, insana yerdən qalxmağa, səmada uçmağa və müəyyən müddət özünü quş kimi hiss etməyə imkan verir.

Əminliklə demək olar ki, indiyədək təyyarədən istifadə edən hər kəs müəyyən unudulmaz, lakin qeyri-müəyyən emosiyaları yaşayıb. Uçuş zamanı insanda bir tərəfdən qorxu, narahatlıq və həyacan hissi, digər tərəfdən isə yüngüllük, ülvilik və azadlıq təəssüratı ilə qarşılaşır. Yəni bunlar qarışıq, lakin heyrətamiz hisslərdir. Təəccüblüsü odur ki, insan ilk dəfə təyyarəyə ehtiyatla minir, amma sonra bu maraqlı hissləri yaşamaq üçün bunu getdikcə daha tez-tez etmək istəyir.

Bunu desək, yanılmarıq ki, heç olmasa bir dəfə sərnişin qismində təyyarəyə minən insan bu nəhəng maşını təhlükəsiz qaydada qaldırmalı, idarə etməli və sağ-salamat endirməli olan insanın nələr yaşadığı və hiss etdiyi barəsində düşünüb.

“Azərbaycan Hava Yolları” QSC və “Boeing” şirkəti sayəsində yerli jurnalistlər nəhəng təyyarənin idarə olunması duyğularını və təəssüratlarını yaşaya biliblər. Sərnişin təyyarəsini virtual da olsa, lakin reallığa mümkün qədər yaxın şəraitdə idarə edən jurnalistlər arasında APA agentliyinin nümayəndəsi də olub. Bu, AZAL və “Boeing”in birgə layihəsi çərçivəsində paytaxt otellərinin birində quraşdırılan “Boeing 787 Dreamliner” simulyator vasitəsi ilə mümkün olub.

“Boeing 787 Dreamliner” uçuş simulyatoru “Boeing 787” təyyarəsinin standart ekranlar konfiqurasiyasının və naviqasiya ekranlarının görüntüsünü dəqiqliklə əks etdirir. Simulyatorun proqram təminatı, displeyləri, sükan, mühərrik idarəetmə düyməsi və pedalları təyyarənin idarəetmə kabinəsini imitasiya edir. Simulyatoru idarə edərkən ABŞ-nin “Boeing Field” aerodromuna "eniş edə" və “Boeing 787”nin innovativ texnologiyaları ilə tanış olmaq mümkündür.

“”Azərbaycan Hava Yolları” regionda “Dreamliner”i istismar edən ilk aviaşirkət olub və ötən il donanmasını genişləndirmək məqsədilə daha səkkiz 787 təyyarəsini sifariş verib. Simulyator vasitəsilə belə bir müasir təyyarəni “idarə etmək” imkanını yaratmaqla Azərbaycanda yeni nəsil aviasiya həvəskarlarını ruhlandırmağa və sahəyə marağı artırmağa çalışırıq”, — deyə “Boeing”in Avrasiya regionunda kommersiya satışları və marketinq üzrə vitse-prezidenti Pol Riqi bildirib.

Qeyd edək ki, “Azərbaycan Hava Yolları” daxil olmaqla, dünyanın 89 aviaşirkəti “Boeing 787” təyyarələrini həm mövcud, həm də yeni marşrutlarında istifadə edir. 2011-ci ildə istismara veriləndən sonra, “Boeing 787” dünyada 400-dən çox yeni birbaşa marşrutun açılmasına və 919 milyondan artıq sərnişinin daşınmasına imkan yaradıb.

“Boeing” şirkəti 787 təyyarə ailəsi üçün 1.900-dən çox sifariş alıb. Sifarişlərin yarıdan çoxu “Azərbaycan Hava Yolları” kimi artıq donanmasında 787 seriyalı təyyarə olan aviaşirkətlərdən gəlib.

AZAL sərnişinlərin rahatlığını yüksək səviyyədə təmin etmək üçün ən son texnologiyaları cəlb etməyə davam edir. Aviaşirkət inkişaf strategiyasının bir hissəsi olaraq təyyarə parkını yeniləməyi və 2030-cu ilə qədər 8 ədəd “Boeing” markalı hava gəmisini əldə etməyi planlaşdırır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR