Azərbaycanın pərakəndə satış şəbəkələrində üztanıma texnologiyası – "Face to pay" ilə ödənişlər mümkün olacaq.
Bunu "APA-Economics"ə "AzInTelecom" MMC-nin kommersiya direktoru Ruslan Əliyev deyib.
Onun sözlərinə görə, bu texnologiya ilə həmçinin, mobil operatorların da müəyyən xidmətlərinin ödənişini təmin etmək şirkətin strateji planlarına daxildir.
"Bu ödəniş üsulu bir çox turizm bölgələrində də populyar ola bilər. İnsanlara biometrik üsullarla ödəniş etmək çox maraqlı və rahatdır. Ona görə də bu, bizim prioritetimizdir. İstifadə etdiyimiz texnologiya çoxşaxəlidir və bir çox imkanlara malikdir. Yerli bazar üçün yeni məhsul olan bulud əsaslı e-imza – SİMA – təkcə elektron imza deyil, o, əslində bir çox məhsul, xidmət, əlavə xidmətlər yaratmağa imkan verən böyük bir domendir. Yəni biz təkcə elektron imzanın tətbiqi ilə kifayətlənməyəcəyik, olduqca böyük bir ekosistem yaratmaq niyyətindəyik", - deyə R. Əliyev deyib.
Həmçinin, R. Əliyevin sözlərinə görə, şirkət üçün bir nömrəli prioritet rəqəmsal imzanın maliyyə sektoruna inteqrasiyadır.
"Bildiyiniz kimi, elektron imza rəqəmsallaşmanın mövcud olduğu bütün sistemlərdə tətbiq oluna bilər. Amma onun inteqrasiyasına hazır olmaq anlayışı var. Bunun üçün təbii ki, müəyyən prioritetlər var. Hazırda bulud əsaslı elektron imzanın inteqrasiyası sahəsində pilot layihələr icra edirik. Onun maliyyə sektorunda tətbiqi hazırda bizim diqqət mərkəzindədir. Bu, ilk mərhələdir. "Face to pay"ə gəlincə, biz onu mütləq pərakəndə satış seqmentində tətbiq etməyə başlayacağıq. Onun maliyyə seqmentində tətbiqinə də çox böyük maraq var. Artıq bu istiqamətdə müzakirələr aparılır", - deyə R. Əliyev qeyd edib.