"Megogo" media xidməti Rusiya Federasiyasında DDoS hücumu ilə əlaqədar onlayn yayımlarla bağlı texniki çətinliklərə görə əlçatan deyil.
"APA-Economics" xəbər verir ki, bu barədə TASS-a "Megogo"nun mətbuat xidmətindən bildirilib.
"Gecə media xidmətimizə güclü DDoS hücumu nəticəsində ciddi texniki problemlər yaşadıq. TV bölməsi hazırda Rusiya Federasiyasında telekanalların onlayn yayımlarında gözlənilməz texniki çətinliklər səbəbindən əlçatan deyil", - mətbuat xidməti bildirib.
Həmçinin bildirilib ki, hazırda mütəxəssislər efirə çıxışın bərpası ilə məşğuldurlar.
Xatırladaq ki, "Megogo" Şərqi Avropada video, TV izləmək və audio dinləmək üçün beynəlxalq media xidmətidir. Servisin aylıq unikal istifadəçi auditoriyası 55 milyondan çoxdur.