Son iki il ərzində pandemiya səbəbindən səyahətlərə tətbiq olunan məhdudiyyətlər səbəbindən rouminq ehtiyacları əhəmiyyətli dərəcədə azalıb.
Bunu "APA-Economics"ə "Bakcell" şirkətinin baş icraçı direktoru Rainer Rathgeber deyib.
Onun sözlərinə görə, "Bakcell" hər zaman müştərilərinə ən aşağı qiymətlərlə rouminq xidmətləri təqdim etməyə çalışır.
"Biz hər zaman rouminq tariflərinin azaldılmasında maraqlı olduğumuzu bildirmişik. Lakin burada digər bir məqam var. Bizim əhatəmizdə daha böyük bazara malik olan dövlətlər var ki, biz onları təmsil edən mobil operatorlarla daima danışıqlar aparırıq. Əlbəttə, bu səpkidə hər hansı bir vahid qərar əldə etmək çox çətindir. Ələlxüsus son iki il ərzində, bildiyiniz kimi, pandemiyaya görə ölkələr səyahətlərə məhdudiyyətlər qoyub. Odur ki, rouminq ehtiyacları əhəmiyyətli dərəcədə azalıb", - deyə R. Rathgeber qeyd edib.
Qeyd edək ki, qarşıdakı illərdə digər "Şərq Tərəfdaşlığı" ölkələrinə səfər edən Azərbaycan vətəndaşları Regional Rouminq Razılaşması çərçivəsində rouminq qiymətlərinin tədricən azalmasından yararlana biləcəklər.
Bu layihə EU4Digital Təşəbbüsü tərəfindən dəstəklənir. Yaxın vaxtlarda imzalanması gözlənilən bu razılaşma sadəcə başlanğıcdır və onun uğurlu olması üçün razılaşmanı imzalayan ölkələrin gələcək illərdə görəcəyi işlər vacib əhəmiyyət daşıyır.
Sözügedən razılaşma Azərbaycan daxil olmaqla altı Şərq Tərəfdaşlığı ölkəsində rouminq qiymətlərinin yaxın gələcəkdə tədricən azalmasını nəzərdə tutur. Razılaşmaya əsasən, 2026-cı ilin sonuna kimi Şərqi tərəfdaşlıq ölkələrində rouminq qiymətlərinin 87%-ə qədər ucuzlaşması gözlənilir.