Azərbaycanda qaz sayğaclarının göstəricilərinin oxunmasında süni intellekt həllindən istifadə olunacaq.
"APA-Economics" xəbər verir ki, bunu "IV Sənaye İnqilabında trendlər" mövzusunda keçirilən tədbirdə çıxış edən SOCAR-ın İnformasiya texnologiyaları və kommunikasiya idarəsinin rəis müavini Fuad Əliyev deyib.
Onun sözlərinə görə, bu gün artıq həllin tətbiqi istiqamətində sınaqlar tamamlanıb və bu yaxınlarda istismara veriləcək.
"Biz bilirik ki, abonentlərin qaz sayğaclarının göstəricilərinin oxunması ilə bağlı müəyyən çətinliklər var. Tətbiq ediləcək həll imkan verəcək ki, abonent öz smartfonu ilə qaz sayğacının şəklini çəkməklə qaz istifadəsi ilə bağlı məlumatları əldə edə bilək. Apardığımız sınaqların nəticələrinin müsbət göstəriciləri 90% üzərindədir", - deyə F. Əliyev qeyd edib.