RİNN: Azərbaycan “CubeSat” peyk layihəsinin həyata keçirilməsinə hazırdır

RİNN: Azərbaycan “CubeSat” peyk layihəsinin həyata keçirilməsinə hazırdır
# 24 aprel 2024 17:11 (UTC +04:00)

Azərbaycan Türkiyə və Qazaxıstanla birgə optimal büdcəyə malik “CubeSat” (Kub peyk) peyk layihəsinin həyata keçirilməsinə hazırdır.

APA-Economics” Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, bunu Nazirlik yanında Kosmik Agentliyin ("Azərkosmos") İdarə Heyətinin sədri Saməddin Əsədov Türk Dövlətləri Təşkilatının (TDT) kosmik agentlik rəhbərlərinin üçüncü toplantısında bildirib.

Toplantıda qeyd edilib ki, peyk texnologiyasının hazırlanması və inkişafı üzrə təcrübəyə malik bu ölkələr arasında bilik mübadiləsinin aparılması, həmçinin gələcəkdə yaradılacaq “CubeSat” peyklərindən kosmik təsvirlər əldə etməklə regionda iqlim dəyişikliyinin monitorinqi üçün birgə istifadəsi də nəzərdə tutulub. Bununla yanaşı, “CubeSat” layihəsi çərçivəsində peyklərə karbon və metan qazlarının monitorinqi üçün sensorların əlavə olunması təklif olunub.

Qeyd edək ki, Mərkəzi Asiya regionunun kosmik oyunçularının iştirakı ilə keçirilən Kosmik Texnologiyalar Konfransı (STC2024) çərçivəsində Türk Dövlətləri Təşkilatının (TDT) kosmik agentlik rəhbərlərinin üçüncü toplantısı işə başlayıb. Türkiyə Kosmik Agentliyinin ev sahibliyi ilə keçirilən toplantıda Türk Dövlətləri Təşkilatına üzv olan Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və müşahidəçi ölkə Macarıstan iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR