Şəhərdaxili hərəkət (mobillik) planının əsas prinsipləri müəyyənləşib.
APA-nın məlumatına görə, bu, Baş nazir Əli Əsədovun bu gün imzaladığı qərarla təsdiqlənən “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması Qaydası”nda əksini tapıb.
Qərara əsasən, mobillik planına aşağıdakı elementlər daxildir:
- şəhər ərazisinin funksional zonalarına görə davamlı təhlükəsiz və rahat yol hərəkətliliyinin planlaşdırılması;
- dövlət orqanları (qurumları), habelə bələdiyyələr arasında bu sahədə əməkdaşlığın təmin edilməsi;
- layihənin hazırlanması zamanı vətəndaş cəmiyyəti institutlarının, hüquqi şəxslərin, ayrı-ayrı vətəndaşların, mütəxəssis və ekspertlərin təkliflərinin alınması;
- şəhərin nəqliyyat sisteminin fasiləsiz təşkili istiqamətində gələcək fəaliyyətdə uzunmüddətli baxışın və vahid yanaşmanın müəyyən edilməsi;
- ümumi istifadədə olan nəqliyyatın müxtəlif növlərinin əlaqəli şəkildə inkişaf etdirilməsinin planlaşdırılması və təşkili;
- piyadalar üçün, o cümlədən əlilliyi olan şəxslər üçün rahat və maneəsiz infrastrukturun yaradılması.
Mobillik planının əsas istiqamətləri aşağıdakılardır:
- yol hərəkətinin bütün iştirakçılarının təhlükəsiz hərəkət ehtiyaclarının qarşılanması və əlçatanlığının təmin edilməsi;
- müxtəlif nəqliyyat növlərinin balanslaşdırılmış inkişafının və daha yaxşı inteqrasiyasının təmin edilməsi; - iqtisadi-işgüzar mühitin, insan üçün əlverişli və sağlam yaşayış, iş və istirahət mühitinin dayanıqlı inkişafının təmin edilməsi;
- nəqliyyat əməliyyatlarında səmərəliliyin artırılması və xərclərin optimallaşdırılması;
- şəhər ərazisindən, mövcud nəqliyyat infrastrukturundan və xidmətlərindən daha səmərəli istifadə edilməsi;
- nəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrin və enerji istehlakının azaldılmasının təmin edilməsi;
- əhalinin ümumi istifadədə olan nəqliyyatdan istifadəsinin stimullaşdırılması və xüsusilə şəhərin mərkəzində şəxsi avtomobil ilə hərəkətin azaldılmasının təşviqi istiqamətində tədbirlərin həyata keçirilməsi;
- şəhər ərazisində piyada infrastrukturunun (piyada zonalarının, yollarının, keçidlərinin və s.), habelə velosiped nəqliyyatının inkişafı, təşviqi və əlçatanlığı istiqamətində tədbirlərin həyata keçirilməsi.