Bank Of Baku

"Şimal-Cənub" dəhlizinin təkmilləşdirilməsi yükdaşıma xərclərini 30% azaldacaq

Xeyrulla Xademi

© APA | Xeyrulla Xademi

# 24 dekabr 2021 18:13 (UTC +04:00)

"Şimal-Cənub" nəqliyyat dəhlizinin təkmilləşdirilməsi yüklərin daşınmasında həm daşınma zamanını, həm də qiymət baxımından xərcləri azaldacaq.

Bunu APA-nın Tehran bürosunun müxbirinə eksklüziv açıqlamasında İranın yol və şəhərsalma nazirinin müavini və İranın nəqliyyat infrastrukturunun tikintisi və inkişafı şirkətinin baş direktoru Xeyrulla Xademi deyib.

O deyib ki, bu dəhlizin təkmilləşməsi ilə yüklərin daşınması xərcləri 30%, zaman baxımından isə 50% azalacaq.

İranın hazırda dəmiryolu layihələrinin içərisində prioritet "Şimal-Cənub" dəhlizinin təkmilləşdirilməsi layihəsidir deyən X. Xadimi onu da bildirib ki, ötən iki ildə dəhlizin Qəzvin-Rəşt hissəsi təkmilləşdirilib və istifadəyə verilib. "Bu hissədə dağlıq ərazidə dəmir yolunun tikintisi İranın dəmiryolu layihələrinin ən böyüyü idi. Hazırda dəmir yolunun Rəşt-Astara hissəsinin tikintisi gündəlikdədir. Həmçinin, Rəştdən Kaspiyan limanına dəmir yolu çəkməklə dəniz vasitəsi ilə də yüklərin dəhlizlə daşınması imkanını təmin etmək niyyətindəyik".

İran dəmir yolunun Azərbaycan dəmir yollarına birləşməsi ilə ölkə daxilində "Şimal-Cənub" dəhlizinin təkmilləşəcəyini deyən X. Xadimi qeyd edib ki, İran Azərbaycan vasitəsilə Rusiya və Avropaya birləşəcək.

"Hazırda Avropadan Rusiya və Asiyanın şərqinə yüklər 35 günə daşınır. Bu dəhlizin təkmilləşdirilməsi ilə bu vaxt yarıya kimi azalacaq. Nəqliyyat və yükdaşımaları sahəsində böyük dəyişiklik olacaq. Təxminlərə görə, "Şimal-Cənub" dəhlizinin istifadəyə verilməsi ilə yükdaşımaları xərcləri təqribən 30% azalacaq", - X. Xademi bildirib.

O qeyd edib ki, "Şimal-Cənub" dəhlizinin təkmilləşdirilməsi ilə Azərbaycan və İran vasitəsilə müxtəlif ölkələrdən Avropa və Asiyaya daşınmasında böyük addım atılmış olacaq.

Xatırladaq ki, "Şimal-Cənub" nəqliyyat dəhlizinin təməli 2000-ci il 12 sentyabr tarixində Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası Saziş əsasında qoyulub. Azərbaycan bu Sazişə 2005-ci ildə qoşulub. Ümumilikdə 13 ölkə sözügedən Sazişi ratifikasiya edib (Azərbaycan, Belarus, Bolqarıstan, Ermənistan, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Oman, Rusiya, Tacikistan, Türkiyə, Ukrayna).

Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR