Türkiyə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) üzrə əməkdaşlığı inkişaf etdirmək üçün Qazaxıstan, Azərbaycan və Gürcüstanın təşəbbüsünə qoşulmaq niyyətindədir.
"APA-Economics" Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə Qazaxıstan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda Qazaxıstan nümayəndə heyətinin Azərbaycan və Gürcüstana səfərindən sonra birgə sənədin imzalandığı bildirilir.
Sənaye və infrastrukturun inkişafı nazirinin müavini Berik Kamalievin sözlərinə görə, sənədin əsas məqsədləri TBNM üzrə sıx əməkdaşlığın inkişaf etdirilməsi və vahid logistika şirkəti yaratmaqdır.
"Həmçinin Türkiyə Respublikası Qazaxıstan, Azərbaycan və Gürcüstan arasında bu təşəbbüsə qoşulmaq niyyətindədir", - məlumatda qeyd edilir.
Xatırladaq ki, bundan əvvəl Qazaxıstan, Azərbaycan və Gürcüstanın Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı üzrə birgə müəssisənin yaradılması barədə razılığa gəliblər. Birgə müəssisə tariflərin tam formalaşdırılması, yük bəyannaməsi, vahid İT həllərdən istifadə və tranzit yüklərin konsolidasiyası məsələlərini həll edəcək.