Bakı - APA-Economics. “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Azərbaycanda səfərdə olan Budapeşt şəhər su idarəsinin rəhbəri və “Water Business Cluster” şirkətinin baş katibi Qsaba Haranginin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən «APA-Economics»ə verilən məlumata görə, görüşdə Q.Hüseynov son illər paytaxt Bakıda və regionlarda iri su və kanalizasiya layihələri icra olunduğunu və bu zaman ən müasir texnologiyaların tətbiq edildiyini bildirib.
Onun sözlərinə görə, işlərin böyük bir hissəsi dövlət büdcəsi hesabına, 10-dan artıq layihə isə xarici kreditlər hesabına reallaşdırılır: «Vaxtilə həm Azərbaycan, həm də Macarıstan sosialist sisteminin tərkib hissəsi olub və bu baxımdan Sizin şirkətin təcrübəsi bizim üçün maraqlıdır. Odur ki, “Water Business Cluster” şirkəti ilə əməkdaşlıqda maraqlıyıq».
Macarıstan şirkətinin baş katibi Qsaba Harangi ötən əsrin 90-cı illərindən etibarən Budapeşt şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına başlandığını və köhnəlmiş texnologiyanın tam yeniləndiyini bildirib. O, qazandıqları təcrübədən Azərbaycanda istifadə edilməsində və konkret layihələrdə iştirakda maraqlı olduqlarını “Azərsu” ASC-nin sədrinin diqqətinə çatdırıb: “Təmsil etdiyim şirkət Azərbaycanda su və kanalizasiya layihələrində iştirak etmək məqsədini qarşıya qoyub. Azərbaycan hökuməti tərəfindən bu sektora ciddi dəstək verildiyindən də xəbərdarıq. Bizim şirkət su anbarlarının, çirkab sutəmizləyici qurğuların, həmçinin kanalizasiya və yağış sularının axıdılması üçün tunellərin layihələndirilməsi, eyni zamanda tikintisində ixtisaslaşıb. İndiyə qədər Rusiyanın Nijni Novqorod, Samara və Saransk şəhərlərində iri layihələr həyata keçirmişik”.
Abşeron yarımadasında 200 km-dən artıq tunel tipli kanalizasiya kollektorunun, regionlarda 45-dən artıq çirkab sutəmizləyici qurğunun tikiləcəyini söyləyən “Azərsu” ASC-nin sədri Macarıstan şirkətini keçiriləcək tenderlərdə iştiraka dəvət edib.
Görüşdən sonra macarıstanlı qonaqlar Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğunun, Xırdalan şəhərində yağış sularının axıdılması üçün kollektorun və Mərkəzi laboratoriyanın yeni binasının tikintisi ilə tanış olublar.