Bakı. Nicat Mustafayev – APA-Economics. Ukraynanın «Aerosvit» aviaşirkəti işçilərinin 88%-ni ixtisar edəcək.
«APA-Economics»in məlumatına görə, əgər hazırda aviaşirkətin personalının ümumi sayı 2 500 nəfərdirsə, ixtisardan sonra onların sayı 300-ə çatdırılacaq və həmin işçilər «Aerosvit»in uzaq marşrutlarında sərnişinlərə xidmət göstərəcək. Hazırda «Aerosvit» Kiyevdən Nyu-Yorka, Pekinə, Qoaya, Xoşiminə və Banqkoka uçuşlar yerinə yetirir. Bəzi məlumatlara əsasən, «Aerosvit»in 400 nəfərə yaxın işçisini «Ukrayna Beynəlxalq Hava Yolları» aviaşirkəti işə götürmək niyyətindədir.
Artıq «Ukrayna Beynəlxalq Hava Yolları» aviaşirkəti «Aerosvit»dən 2 ədəd «Boeing 737-800» təyyarəsini təhvil alıb.
Qeyd edək ki, «Aerosvit» bir sıra beynəlxalq aviareyslərini ləğv edib. Bura Kiyev-Bakı, Kiyev-Praqa, Kiyev-Varşava, Kiyev-Kopenhagen, Kiyev-Stokholm, Kiyev-Larnaka, Kiyev-İrəvan, Kiyev-Vilnyus, Kiyev-Tel-Əviv və s. daxildir.
Xatırladaq ki, «Aerosvit»in Kiyev-Bakı-Kiyev aviareysini həftədə 3 dəfə «Ukrayna Beynəlxalq Hava Yolları» aviaşirkəti yerinə yetirəcək.
Qeyd edək ki, «Aerosvit» şirkəti Kiyev Təsərrüfat Məhkəməsinə iflas barədə müraciət təqdim edib. Məhkəmənin qərarında göstərilir ki, şirkətin 27 dekabr 2012-ci ilə qədər olan borcu 4,270 mlrd. qrivna (537,5 mln. ABŞ dolları), aktivlərinin balans dəyəri isə 1,467 mlrd. qrivna (184,6 mln. dollar) təşkil edir. Dekabrın 29-da sözügedən məhkəmə aviaşirkətin iflası barədə işin başlanmasına dair qərar qəbul edib.