Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanın mobil rabitə operatoru olan «Azerfon» şirkəti («Nar Mobile» ticarət nişanı) «Elektron Gündəlik» xidmətini istifadəyə verib.
Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, «E-Gündəlik» xidməti vasitəsilə valideynlər övladlarının təhsilinə nəzarət etmək imkanı əldə edəcək. Belə ki, yeni xidmətə əsasən, şagirdlərin imtahan nəticələri, hər fənn üzrə aldığı qiymət, dərsdə iştirak edib-etməməsi haqqında məlumat valideynlərin nömrələrinə göndəriləcək.
«E-Gündəlik» sisteminə qoşulmaq üçün valideyn övladının adını, soyadını və atasının adı, oxuduğu orta məktəbin nömrəsini, oxuduğu sinif haqqında məlumatı SMS vasitəsilə 9988 qısa nömrəsinə göndərməlidir. Aylıq abunə haqqına görə abunəçidən 4,72 manat (ƏDV daxil) çıxılacaq.
Qeyd edək ki, xidmət MSM şirkəti tərəfindən təqdim olunur və məktəblərdə yanvar ayının 8-dən etibarən istifadəyə verilib.