Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. «Azərsu» ASC dövlət büdcəsi hesabına maliyyələşdirilən layihə çərçivəsində Ucar şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı işlərin böyük hissəsini yekunlaşdırıb.
Cəmiyyətdən «APA-Economics»ə verilən məlumata görə, layihə 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla 57 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Layihə Ucar şəhəri ilə yanaşı, rayonun 15 kəndini də əhatə edir.
İcrasına 2011-ci ilin oktyabrında başlanmış «Ucar şəhərinin su təchizatı və kanalizasiya sistemləri kompleksinin yenidən qurulması Layihəsi»nə əsasən, Ucar şəhərini keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək üçün mənbə Külüllü su mənbəyi seçilib. Su mənbəyində Ucar şəhərini içməli su ilə təmin etmək üçün hər birinin tutumu 3 750 kubmetr olan iki su anbarı tikilib. Buradan şəhər mərkəzinədək 500-560 mm diametrli polietilen borularla 57 km uzunluğunda magistral su xəttinin çəkilişi başa çatıb və şəhərə suyun verilməsinə başlanılıb.
Özüaxımlı rejimdə olan magistral xətdən marşrut boyunca yerləşən 15 kəndin hər birinə çıxışlar verilib. Ucar şəhərini dayanıqlı rejimdə içməli su ilə təmin etmək üçün şəhər mərkəzində hər birinin tutumu 1 500 kubmetr olan iki su anbarı tikilir. Külüllü-Ucar magistral xətti ilə Ucar şəhərinə su verildikdən sonra şəhərdə fasiləsiz su təchizatı rejiminə keçilib, uzun müddət su almayan küçə və məhəllələrin içməli su problemi həllini tapıb.
Layihəyə uyğun olaraq Ucar şəhərində 107 km şəhərdaxili su şəbəkəsinin 93 km-lik hissəsində işlər başa çatıb, 3 minə yaxın evə birləşmə verilib. İçməli su və kanalizasiya xidmətlərindən istifadənin dəqiq uçotunun aparılması məqsədi 5 170 abunəçinin 1 700-ə qədəri smart-kart tipli su sayğacları ilə təmin edilib. Ucar Sukanal İdarəsi üçün yeni inzibati binanın tikintisi isə yekunlaşmaq üzrədir.
Layihəyə əsasən, Ucar şəhərində yaranacaq çirkab suların axıdılması üçün ümumi uzunluğu 88 km-ə yaxın kanalizasiya şəbəkəsi qurulacaq. Artıq kanalizasiya şəbəkəsinin 20 km-lik hissəsində tikinti işləri başa çatıb.
Xatırladaq ki, yeni layihənin icrasına qədər Ucar şəhərinin sakinləri fasilələrlə artezian suyu alır və ya arx sularından istifadə edib.