Bank Of Baku

«Azərsu» saxtakarlıqla məşğul olan işçilərini ifşa edib - FOTO

«Azərsu» saxtakarlıqla məşğul olan işçilərini ifşa edib - <span style="color: red;">FOTO
# 03 aprel 2013 15:35 (UTC +04:00)

Bakı - APA-Economics. «Azərsu» ASC içməli suyun dəqiq uçotunun aparılması, sudan qeyri-qanuni istifadə hallarının aradan qaldırılması, abunəçilərlə işin düzgün təşkili istiqamətində nəzarət tədbirlərini davam etdirir. Bu məqsədlə ASC əməkdaşlarının fəaliyyətinə xüsusi diqqət yetirilir, onların vəzifələrindən sui-istifadə etməməsi məqsədilə qabaqlayıcı tədbirlər görülür.

 

ASC-nin mətbuat xidməti şöbəsindən «APA-Economics»ə verilən məlumata görə, su kəməri təsərrüfatında çalışan əməkdaşların mütəmadi olaraq təlimatlandırılmasına və onlar arasında maarifləndirmə işlərinin aparılmasına baxmayaraq, vəzifə borcuna vicdanla yanaşmayan, peşə etikasına əməl etməyən işçilərə də rast gəlinir. “Azərsu” ASC-nin Abonent İşləri Departamenti əməkdaşlarının keçirdiyi nəzarət tədbirləri nəticəsində bəzi işçilər tərəfindən abunəçilərin qeyri-qanuni yolla sayğacla təmin edilməsi, onların sayğaclara müdaxilə etməsi ilə bağlı faktlar aşkarlanıb. Araşdırmalar nəticəsində “Azərsu” ASC-nin Nəzarət Ölçü Cihazları Departamentinin 6 saylı sayğac quraşdırma sahəsinin rəisi Kərimov Nurəhməd Kərim oğlu və Nəsimi rayon Sukanal Departamentinin nəzarətçisi Qədirov Vüsal Rövşən oğlunun qeyri-qanuni əməlləri ifşa edilib.

 

Məlum olub ki, Yasamal rayonu ərazisində fəaliyyət göstərən “Karat-Holdinq” MMC tərəfindən su sayğacının işləməməsi ilə bağlı cari ilin yanvar ayında Yasamal rayon Sukanal Departamentinə müraciət edilib. Həmin vaxt Nəzarət Ölçü Cihazları Departamentinin Yasamal rayonu ərazisində fəaliyyət göstərən 6 saylı sayğac quraşdırma sahəsinin rəisi N.Kərimov “Karat-Holdinq” MMC-də CTB-65 markalı su sayğacını bazardan aldığı işlənmiş mexaniki sayğacla özbaşına olaraq dəyişdirərərək bunun müqabilində abunəçidən 350 manat pul alıb. Sonrakı araşdırmalardan məlum olub ki, həmin  sayğac  əvvəllər Nərimanov rayonu Dərnəgül küçəsi 2090-cı məhəllədə fəaliyyət göstərən “Bakı-Mexanikləşdirmə-1” ATC-yə məxsus olub, yararsız olduğundan 4 oktyabr 2012-ci il tarixdə istismardan çıxarılıb.

 

«Azərsu» ASC-nin Hüquq departamentinə verdiyi izahatda N.Kərimov sayğacın dəyişdirilməsi üçün abunəçidən qeyri-qanuni olaraq 350 manat pul aldığını etiraf edib və həmin məbləğin 185 manatını bazardan sayğacın alınmasına, qalan pulu isə digər məqsədlər üçün xərclədiyini bildirib.

 

Abonent İşləri Departamenti əməkdaşlarının keçirdiyi nəzarət tədbirləri nəticəsində daha bir əməkdaşın vəzifəsindən sui-istifadə halı aşkarlanıb. Məlum olub ki,  Nəsimi rayon Sukanal Departamentinin nəzarətçisi Vüsal Qədirov Bakı şəhəri Nizami küçəsində 3 abunəçinin sayğacına qeyri-qanuni müdaxilə edib. O, «Azərsu» ASC-nin Hüquq departamentinə verdiyi izahatda müxtəlif ünvanlarda xüsusi alətlərlə mexaniki sayğacların göstəricisini əvvələ çəkməklə faktiki sərfiyyatı süni şəkildə azaltdığını, bunun müqabilində abunəçilərdən müxtəlif məbləğlərdə pul aldığını etiraf edib.

 

Bütün bunlar son nəticədə içməli su və kanalizasiya xidmətlərindən istifadənin uçotdan yayındırılmasına  və “Azərsu” ASC-ə ziyan vurulmasına səbəb olub. Hər iki şəxslə bağlı toplanmış faktlar hüquq-mühafizə orqanlarına göndəriləcək.

 

«Azərsu» ASC bir daha bəyan edir ki, abunəçilərin Cəmiyyətin hər hansı əməkdaşı ilə sövdələşmələrə getməsi, sərfiyyatın gizlədilməsi və azaldılması, eləcə də yaranmış borcun müxtəlif  yollarla azaldılması və ləğv edilməsinə yönəlmiş cəhdləri və hərəkətləri yolverilməzdir: “Bu cür qeyri-qanuni hərəkətlər “Azərsu” ASC-nin əməkdaşları tərəfindən aşkarlanacaq və onlara qarşı inzibati tədbirlər görüləcək”.

 

Qeyd edək ki, əhali qrupuna aid abunəçilərə sayğacların quraşdırılması dövlət, qeyri-əhali qrupuna aid abonentlərə isə onların öz hesabına həyata keçirilir. «Azərsu» ASC abunəçilərə tövsiyə edir ki,  bütün ödənişləri bank, poçt şöbələri, Pay-point ödəmə terminalları və internet vasitəsilə ödəsinlər, SC əməkdaşlarına heç bir halda nağd şəkildə pul ödəməsinlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR