Bakı – APA-Economics. «Azərsu» ASC-nin baş ofisində Bakıda səfərdə olan Asiya İnkişaf Bankının (AİB) Mərkəzi və Qərbi Asiya Departamentinin direktoru Klaus Gerhauzer ilə görüş keçirilib. Qonaq departament direktoru təyin olunandan sonra Azərbaycana ilk dəfə səfər etdiyini, son illər «Azərsu» tərəfindən layihələrin daha sürətlə icra edildiyi barədə məlumatlı olduğunu bildirib.
«Azərsu»nun mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, K.Gerhauzer AİB-in Azərbaycanda infrastruktur layihələrinin maliyyələşdirilməsinə bundan sonra da vəsait ayırmaqda maraqlı olduğunu vurğulayıb.
Onun sözlərinə görə, bankın mütəxəssisləri Azərbaycan üzrə yeni strategiyanın hazırlanmasına başlayıblar. 2013-2018-ci illəri əhatə edəcək 5 illik strategiyada «Azərbaycan-2020: Gələcəyə baxış» İnkişaf Konsepsiyasının müddəaları da nəzərə alınacaq: «Strategiyada su təchizatı sektorunun inkişafına dəstək də öz əksini tapacaq. Təmsil etdiyim bank qeyri-maliyyə dəstəyi olaraq «Azərsu» ASC-yə nou-hauların tətbiqində və kadr hazırlığında da kömək etmək niyyətindədir. Su sektorunun sürətli inkişafını nəzərə alaraq xarici mütəxəssislərin Azərbaycanda təlim keçmələrini təşkil edə bilərik».
Prezident İlham Əliyevin «Azərbaycan əhalisi 24 saat keyfiyyətli su ilə təmin olunmalıdır» tapşırığını və qısa müddətdə buna nail olmağın vacibliyini xatırladan «Azərsu» ASC-nin sədri Qorxmaz Hüseynov Ağcabədi və Balakən şəhərlərində içməli su və kanalizasiya layihələrinə başlanmasına hazırlıq görüldüyünü söyləyib. O, istər AİB-in, istərsə də digər beynəlxalq qurumların krediti hesabına reallaşdırılan layihələrdə ən son texnologiyanın tətbiq olunacağını qonaqların diqqətinə çatdırıb.
Qeyd edək ki, Azərbaycan hökuməti AİB ilə birgə «Şəhər su təchizatı və kanalizasiya layihəsi» və Su təchizatı və kanalizasiya İnvestisiya Proqramını həyata keçirir. İcrasına 2008-ci ildə başlanmış və 2010-cu ildə başa çatmış «Şəhər su təchizatı və kanalizasiya layihəsi» çərçivəsində Göyçay və Ağdaş şəhərlərində sugötürücü qovşaqlar yaradılmış, texniki və təşkilati məsələlər həll edilib: «Su təchizatı və kanalizasiya İnvestisiya Proqramı isə Göyçay və Ağdaş şəhərlərində layihələrin başa çatdırılması, həmçinin Beyləqan, Ağcabədi və Balakən şəhərlərində su təchizatı və kanalizasiya şəbəkələrinin yenidən qurulmasını nəzərdə tutur. Bu layihə üzrə Beyləqan şəhərində tikinti işlərinə başlanılıb, Ağcabədi və Balakən şəhərlərində isə layihənin icrasına hazırlıq görülür».