«APA-Economics»in məlumatına görə, sözügedən təyyarələrin alıcılara çatdırılması hazırda avialaynerlərdə üzə çıxan batareyanın nasazlığı ilə bağlıdır və sifarişçilərin təchizatı bu problem həll ediləndən sonra bərpa olunacaq. Təchizatın dayandırılmasına baxmayaraq, «Boeing 787 Dreamliner»lərin istehsalı davam etdiriləcək.
Xatırladaq ki, yanvarın 17-də ABŞ hökuməti ölkədə fəaliyyət göstərən aviaşirkətlərin «Boeing 787 Dreamliner» təyyarələri ilə həyata keçirdiyi uçuşların müvəqqəti olaraq dayandırılmasına dair sərəncam verib. Sərəncamın verilməsi son vaxtlar sözügedən avialaynerlərdə yaranan problemlərin artması fonunda baş verib. ABŞ-la yanaşı Yaponiya, Hindistan və Çili də «Boeing 787 Dreamliner» təyyarələri ilə uçuşları dayandırıb. Son 1 ay ərzində bu laynerlərdə müxtəlif nasazlıqlar baş verib ki, bura yağın və yanacağın axması, həmçinin əyləc sistemində qüsurun üzə çıxması kimi hadisələr daxildir. Bunun nəticəsində bir sıra aviareyslər ləngiyib və ya təxirə salınıb. Sonuncu belə hadisə sayca yeddinci olub və Yaponiyada qeydə alınıb. Belə ki, təyyarədə batareyanın nasaz işləməsi nəticəsində hislənmə baş verib, avialayner təcili olaraq endirilib və sərnişinlər hava ilə doldurulmuş traplar vasitəsilə evakuasiya edilib.
Qeyd edək ki, 2012-ci ilin sonuna «Boeing» şirkəti sifarişçilərə 49 «Dreamliner» təyyarəsi təhvil verib. Onlardan 24-ü Yaponiyanın «Japan Airlines» və «All Nippon Airways» aviaşirkətləri istismar olunur. Hazırda «Boeing 787 Dreamliner» təyyarələrinə olan sifarişlərin ümumi sayı 850-dən çoxdur.
Azərbaycan 2014-cü ildə «Boeing 787 Dreamliner» tipli iki təyyarə almağı və həmin ildən başlayaraq bu təyyarələrlə Şimali və Cənubi Amerikaya, Cənub-Şərqi Asiyaya və Avropanın bir sıra ölkələrinə uçuşlar həyata keçirməyi planlaşdırır. Ötən ilin aprel ayında sözügedən təyyarənin Bakıda təqdimatı da keçirilib. MDB ölkələri və Asiya regionu üzrə ABŞ korporasiyasına «Boeing 787 Dreamliner» sərnişin təyyarəsinin istehsalı ilə bağlı ilk sifarişi 2007-ci ildə məhz Azərbaycan verib.
Xatırladaq ki, «Boeing 787 Dreamliner» təyyarəsinin çəkisi Almaniya istehsalı olan «Airbus A330-200» avialayneri ilə müqayisədə 45 ton azdır və 135 ton təşkil edir. Bununla yanaşı, hazırda istismarda olan analoji təyyarələrlə müqayisədə yeni «Boeing»ın yanacaq sərfi 20%, havaya zərərli tullantıları 20% azaldılıb, istismar xərcləri 10% endirilib. Eyni zamanda «Boeing 787 Dreamliner»in salonu yenilənib və illüminatorlar 65% genişləndirilib, aerodrom rayonunda səs-küyün yayılma əhatəsi 60% azaldılıb. Konstruksiyanın 50%-i kompozisiya materiallarından hazırlanıb. Təyyarə göyərtəsində 200-250 sərnişinlə enmədən 15 min km məsafəni qət edə bilir. Təyyarənin minimum uçuş məsafəsi enmədən 4560 km, maksimal məsafəsi 15700 km-dir. Təyyarə sərnişin oturacaqlarının sayı 210-250, 250-290 və 290-330 olmaqla 3 modifikasiyada istehsal edilir. Artıq dünyanın 60 aviaşirkəti tərəfindən 870-dən çox «Boeing-787 Dreamliner» təyyarəsi üçün sifariş verilib.