Bakı. Nicat Mustafayev – APA-Economics. «British Airways» aviaşirkəti Avropa və Şimali Amerika istiqamətləri üzrə xüsusi tariflər tətbiq edib.
Aviaşirkətin Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, yanvarın 31-dək qüvvədə olan endirimlər, yanvarın 8-dən mayın 31-dək baş tutacaq səyahətlərə şamil edilir.
«British Airways»in Yaxın Şərq və Mərkəzi Asiya üzrə kommersiya direktoru Paolo de Renzisın sözlərinə görə, xüsusi paket müştərilərin əksəriyyətini 2013-cü ildə işgüzar və turizm səfərlərini planlaşdırmağa sövq edəcək.
«British Airways» 2012-ci ili yüksək göstəricilərlə, eyni zamanda Azərbaycana qayıdışı ilə başa vurub. Ümidvaram ki, 2013-cü ildə də parlaq nəticələrin şahidi olacağıq. Xüsusən ona görə ki, aviaşirkət tərəfindən xidmət çeşidlərinin artırılması, o cümlədən, Bakıya uçan təyyarələrdə təkmilləşdirmə işlərinin görülməsi nəzərdə tutulub. Dünya üzrə marşrut şəbəkəmiz 175-dən çox istiqaməti əhatə edir. «British Airways» aviaşirkəti vasitəsilə Londonun «Hitrou» hava limanından Avropa və Şimali Amerika istiqamətlərinə rahat çıxış əldə etmək imkanı Azərbaycandakı müştərilərimiz üçün ən yaxşı seçimdir», - deyə Paolo de Renzis bildirib.
«British Airways»in xüsusi Yeni il tarifləri çərçivəsində, sərnişinlər Azərbaycandan Böyük Britaniya və Avropaya 470 avrodan başlayaraq «World Traveller» sinfi aviabiletləri ilə, 1 757 avrodan başlayaraq isə «World Club» sinfi aviabiletləri ilə səyahət edə bilərlər. Şimali Amerika istiqamətlərində biletlərin qiyməti müvafiq olaraq 770 avro və 2 967 avro təşkil edir.
Qeyd edək ki, marşrut şəbəkəsi 75 ölkəni, 150 istiqaməti əhatə edən «British Airways» aviaşirkəti qış təqviminə uyğun olaraq, Bakı-London aviareysini hər gün yerinə yetirir. Ümumiyyətlə, aviaşirkətin orta illik sərnişindaşıma həmi 36 mln. təşkil edir. Aviaşirkət, əksəriyyəti uzun məsafəli uçuşlar üçün tam münasib 4 salon seçməyi təklif edir. Azərbaycanda müştərilərə iki cür salon (biznes və ekonom) təklif edilir.