Bakı. Nicat Mustafayev – APA-Economics. Bakı Metropoliteninin «Dərnəgül» deposunda yerüstü stansiya və keçidin inşasının mümkünlüyü araşdırılır.
«APA-Economics»in metropolitenə istinadən verdiyi məlumata görə, metropoliten üçün ən vacib məsələlərdən biri depolarının inşasıdır. Çünki birinci beşillikdən sonra, ən azı, 3 depo fəaliyyətdə olmalıdır: «Yeni depoların əhatə etdiyi ərazilərin genişliyi və təkcə torpaq sahələri ilə bağlı kifayət qədər problemli məsələlərin həlli gündəlik qayğıların ən ağrılı məsələsidir. Lakin depo, öz standartlarına görə, üzrə stansiya və tunel inşaatından tam fərqli yanaşma tələb edir. Çünki depolar yalnız qatarların gecələdiyi yer deyil. Hər sabah erkən qatarların xəttə çıxıb sərnişinə xidmət göstərməyə başladığı ana qədər yeraltı yollarda qaynayan gecə işi elə depolardan başlayaraq tunellərə istiqamət götürür».
Metropolitenin məlumatına əsasən, yeni inşa olunan xətt və onun 5 stansiyası ilə yanaşı, beşillik dövrdə mövcud xətlərin bir-birindən ayrılması da başa çatdırılmalıdır: «Xətlərin ayrılması həyata keçiriləcəksə, deməli, daha bir deponun da inşası həmin müddətdə yekunlaşmalıdır. Onlardan ən vacibi «Dərnəgül» elektrik deposudur. Çünki bu depo həm də mövcud iki xətdə şütüyən vaqonların əsaslı təmiri üçün nəzərdə tutulub. Buna görə də əvvəlki depodan fərqli olaraq, onun layihəsində bir çox funksional yeniliklər nəzərə alınmalıdır».
Artıq bu istiqamətdə ilkin layihənin hazırlanması işləri aparılır. İlkin layihə planında əsas müzakirə olunan məsələ deponun başlanğıc nöqtəsi sayıla biləcək portal ərazisindən vaqonların saxlanma-təmir sahəsinə qədər olan hissədə yolun üst quruluşu üzrə layihəsini, həmçinin tikinti norması və qaydalarına uyğunluğunu müəyyən etməkdir. Bundan əlavə, deponun bir çox komplekslərinin – inzibati bina, motovoz sexi, rels-qaynaq sahəsi, elektrik yarımstansiyası, təmir sahələri, həmçinin digər əsas və yardımçı obyektlərin yerləşmə planı da müzakirə olunub.
«Son vaxtlar deponun inşasının sürətlənəcəyi barədə xəbərləri eşidən depo yaxınlığında yaşayan sakinlər həm telefon zəngləri ilə, həm də metropolitenin saytına müraciət edərək, ərazidə yerüstü stansiyanın inşası ilə yaxından maraqlanırlar. Əvvəldən də bunun mümkünlüyünü diqqətində saxlayan metropoliten rəhbərliyi məsələnin aktuallaşmasını nəzərə alaraq, depo ərazisində həm bu ərazilərdə yaşayan sakinlər, həm də işçilərin istifadəsi üçün nəzərdə tutulacaq stansiyanın və ya yüngül konstruksiyalı yerüstü sərnişin plaftormasının tikintisinin mümkünlüyünü araşdırır. Eyni zamanda, metropoliten rəhbərliyi depo üzərindən sakinlərin bir istiqamətdən digərinə hərəkətini də asanlaşdırmaq üçün yerüstü keçidin də inşa olunmasına çalışır», - deyə metropolitenin məlumatında bildirilir.
Əhalinin maraqlarını nəzərə alan və onların metrodan istifadə imkanlarını bir qədər də genişləndirən bu niyyətin gerçəkləşməsi üçün ilkin layihə variantında bəzi dəyişikliklər də edilməlidir. İlk növbədə, dayanacaq xarakterli stansiya və ya platformanın inşaat yeri, bu istiqamətdə müvafiq layihə tapşırıqları müəyyənləşdirilib.