Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində «Flydubai» aviaşirkətinin MDB ölkələri, həmçinin Mərkəzi və Şərqi Avropa regionu üzrə sərnişin daşımalarının həcmi əvvəlki ilə nisbətən təxminən 4 dəfə artıb.
Aviaşirkətdən «APA-Economics»ə verilən məlumata görə, 2012-ci ildə «Flydubai»ın xəritəsinə əlavə olan yeni marşrutların 40%-i MDB, Mərkəzi və Şərqi Avropa ölkələrinin payına düşüb: «Hazırda aviaşirkət MDB regionunun 16 şəhərinə uçuşlar həyata keçirir. Aviareyslər Azərbaycan, Gürcüstan, Ermənistan, Qırğızıstan, Makedoniya, Rusiya, Rumıniya, Serbiya, Türkmənistan və Ukraynanı əhatə edir. Üstəlik, «Flydubai» Fars körfəzi ölkələrində bütün Yaxın Şərq hava daşıyıcıları arasında ən iri marşrut şəbəkəsinə malikdir. Aviaşirkət hər həftə Bəhreyn, Qətər, Küveyt, Oman və Səudiyyə Ərəbistanına 265 aviareys həyata keçirir. Hazırda «Flydubai» şirkəti Dubay beynəlxalq hava limanının sayca ikinci iri hava daşıyıcısıdır».
Ötən il ərzində MDB ölkələri, habelə Mərkəzi və Şərqi Avropadan sərnişin axını 2011-ci illə müqayisədə 285%, aviareyslərin sayı isə 114% artıb. Hesabat ilində Fars körfəzi ölkələrindən sərnişin axını əvvəlki illə müqayisədə 65%, aviareyslərin sayı isə 36% artıb.