Bakı. Nicat Mustafayev – APA-Economics. ABŞ-ın «General Motors» şirkəti dünya üzrə 145 min avtomobilini geri çağırmağa hazırlaşır.
«APA-Economics»in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, şirkət 2010-cu ildən 2012-ci ilədək istehsal olunan «Chevrolet Colorado» və «GMC Canyon» pikaplarını geri çağırmağa planlaşdırır. Geri çağırmanın səbəbi sözügedən avtomobil modellərinin kapotlarının kilidlərindəki qüsurla bağlıdır və bu qüsur avtomobil hərəkət edən zaman kapotun açılmasına gətirib çıxara bilər.
«General Motors» şirkəti 118 800 ədəd avtomobili ABŞ bazarından, 15 264 ədəd Kanada, 7 492 ədəd Meksika və 4 min ədədə yaxın avtomobili digər bazarlardan geri çağırmaq fikrindədir.
ABŞ istehsalı olan «Chevrolet» və GMC avtomobillərinin Azərbaycandakı rəsmi dileri olan «GM Baku Center» şirkətdən «APA-Economics»ə bildirilib ki, geri çağırma kampaniyası Azərbaycan bazarına aid deyil. Belə ki, «GMC Canyon» modeli yalnız Amerika və ərəb ölkələrinin bazarları üçün nəzərdə tutulub və Azərbaycanda realizə olunmur, «Chevrolet Colorado» modeli ilə bağlı isə diler şirkətinə heç bir məlumat verməyib: «Bu onu göstərir ki, geri çağırma aksiyası Azərbaycan bazarına şamil olunmur, əks halda istehsalçı şirkət bizi xəbərdar edərdi».