Bakı. Əli Əhmədov – APA-Economics. «Google» şirkəti özünün yeni inqilabi məhsulu - «ağıllı eynək»lərin satışına başlayıb. «APA-Economics»in məlumatına görə, şirkət «Google Glass Explorer Edition» eynəklərinin satışına start verildiyini elan edib.
«Ağıllı eynək»lərin satışı üçün növbəyə dayanmış müştərilər artıq yaxın vaxtlarda onların sifarişlərinin yerinə yetiriləcəyi ilə bağlı elektron məktublar almağa başlayıblar. «Bizim əla xəbərlərimiz var – eynək və onun üçün proqram təminatı artıq hazırdır. Artıq yeni məhsulun ilk partiyasının müştərilərimizə göndərmək barədə qərar qəbul etmişik», - deyə şirkətin məlumatında bildirilir.
İlk partiyadakı 2 min eynək 1 500 dollardan satılacaq. «Ağıllı eynək»lərin növbəti partiyasının nə vaxt buraxılacağı məlum deyil. Qeyd edək ki, «Google Glass Explorer Edition»un sahibləri onların vasitəsilə video çəkə, məlumat göndərə, videokonfranslar keçirə, eləcə də tərcüməçi xidmətindən faydalana bilərlər. Eynəklər «Bluetooth» və «Wi-Fi» qurğuları ilə təmin olunub ki, bu da onlara lazım olan faylları stmartfon vasitəsilə idarə etməyə imkan verir.
Ümumiyyətlə, smartfonla aparılan əməliyyatların 80%-ni eynəklə həyata keçirmək mümkün olacaq. Eynək sahibləri əməliyyatların əksəriyyətini səs komandaları ilə aparacaqlar.