Bakı – APA-Economics. Azərbaycanın İnternet məkanında «Sazz 4G» adı altında fəaliyyət göstərən «AzQtel» MMC Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən fəxri fərmanla təltif olunub. «APA-Economics»in məlumatına görə, nazir Əli Abbasov tərəfindən imzalanmış fərman «Sazz 4G» İnternet provayderinə regionlarda genişzolaqlı simsiz İnternetin tətbiq olunmasına görə verilib.
Simsiz çoxkanallı qoşulma texnologiyası əsasında (WiMAX) qurulmuş «Sazz 4G» provayderi 2010-cu ilin sonunda Bakı və Abşeron qəsəbələrində fəaliyyət göstərməyə başlayıb. Hazırda «Sazz 4G» İnternet şəbəkəsinin əhatə dairəsinə Bakı və Abşeron yarımadasının əksər qəsəbələrindən başqa eləcə də Xırdalan, Sumqayıt, Mingəçevir və Gəncə şəhərləri daxil edilib. Yaxın aylar ərzində «Sazz 4G» provayderinin əhatə dairəsinə bir sıra regional mərkəzlərin, o cümlədən, Zaqatala, Quba, Qusar, Şəki, Lənkəran və digər şəhərlərin də daxil olunması planlaşdırılır.
Şirkətin prezidenti Ceyhun Mollazadənin verdiyi məlumata görə, WiMAX avadanlıqların istehsalçısı ZTE korporasiyası ilə bağlanmış müqavilə çərçivəsində ölkəyə gətirilən qurğular «Sazz 4G» İnternetin əhatə dairəsini genişləndirməklə yanaşı mövcud şəbəkəni əhəmiyyətli dərəcədə gücləndirmək üçün nəzərdə tutulub.
«Sazz 4G» saniyədə 10 Mbit-ə qədər İnternetə qoşulmaq imkanını trafik həcminə heç bir məhdudiyyət qoymadan, tamamilə limitsiz təklif edir. Belə ki, abunəçinin qoşulma sürəti istifadə olunmuş trafikin həcmindən asılı olmayaraq dəyişməz qalır. «Sazz 4G» xidmətinin keyfiyyətini yoxlamaq üçün bütün yeni müştərilərə 5 günlük pulsuz sınaq müddəti təklif olunur.