Bakı. Nicat Mustafayev - APA-Economics. «Ukrayna Beynəlxalq Hava Yolları» aviaşirkəti («Ukraine International Airlines») fevralın 12-də açacaq Kiyev-Bakı-Kiyev aviareyslərinə biletlərin qiyməti baha olmayacaq və uçuş tarifləri sərnişinin axınının artırılmasına istiqamətlənib. Bunu «APA-Economics»ə açıqlamasında Ukrayna aviaşirkətinin vitse-prezidenti Sergey Fomenko bildirib.
Onun sözlərinə görə, «Ukraine International Airlines» aviaşirkətinin tarifləri məqbuldur və rəqabət qabiliyyətlidir. Hazırda Kiyev-Baku aviareysinin qiyməti 179 manat, hər iki istiqamətdə isə 317 manat təşkil edir və bu məbləğə bütün yığımlar daxildir.
Ukrayna aviaşirkətinin prezidenti Yuri Miroşnikov isə «APA-Economics»ə bildirib ki, şirkət aviabiletləri çox ucuz qiymətə satmaq niyyətində deyil. Belə ki, qiymətlərin sistemli şəkildə ucuz olması şirkətə zərər vura bilər və son nəticə olaraq bundan sərnişinlər zərər çəkir. Buna misal kimi Y.Miroşnikov əvvəllər Kiyev-Bakı aviareyslərini yerinə yetirən «Aerosvit» şirkətinin aqibətini göstərib.
Şirkət rəhbəri həmçinin əlavə edib ki, «Ukraine International Airlines» müxtəlif kampaniyalar çərçivəsində mütəmadi olaraq sərnişinlərə ucuz qiymətlərlə aviabiletlər təklif edəcək.