Bank Of Baku

«Ukrayna Beynəlxalq Hava Yolları» aviaşirkəti Kiyev-Gəncə aviareysini açmaq niyyətindədir

«Ukrayna Beynəlxalq Hava Yolları» aviaşirkəti Kiyev-Gəncə aviareysini açmaq niyyətindədir
# 25 yanvar 2013 07:15 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. «Ukrayna Beynəlxalq Hava Yolları» aviaşirkəti («Ukraine International Airlines») perspektivdə Kiyev-Gəncə marşrutu üzrə birbaşa müntəzəm aviareys açmaq niyyətindədir. Bu barədə «APA-Economics»ə aviaşirkətin prezidenti Yuri Miroşnikov məlumat verib.

 

Onun sözlərinə görə, hazırda Kiyevdən Azərbaycanın digər şəhərlərinə birbaşa aviareyslərin yerinə yetirilməsi istiqamətində Azərbaycan tərəfi ilə danışıqlar aparılır: «Bildiyiniz kimi, fevralın 12-dən etibarən «Ukraine International Airlines» şirkəti Kiyev-Bakı aviareysi üzrə uçuşlara başlayacaq. Bizdən öncə bu aviareysi Ukraynanın «Aerosvit» aviaşirkəti yerinə yetirib. Bununla yanaşı, «Aerosvit» Ukraynanın digər iri şəhərlərindən də Bakıya mövsümi və ya müntəzəm aviareyslər üzrə uçuşlar həyata keçirirdi. Hazırda «Aerosvit»in Bakıya yerinə yetirdiyi sözügedən şəbəkənin bərpa olunması imkanlarını nəzərdən keçiririk».

 

Y.Miroşnikov onu da əlavə edib ki, «Ukraine International Airlines» şirkəti «Aerosvit»dən fərqli olaraq Kiyevdən Azərbaycanın digər şəhərlərinə də aviareyslər təşkil etmək niyyətindədir: «Biz Azərbaycanın digər iri şəhərlərini də gözdən keçiririk ki, gələcəkdə Kiyevdən bu şəhərlərin birinə birbaşa aviareys təşkil edək. Qeyd edim ki, bu təcrübə «Aerosvit»də olmayıb. İlk öncə aviaşirkətimiz Kiyev-Gəncə marşrutu üzrə uçuşlar yerinə yetirmək niyyətindədir. Lakin sözügedən aviareysin nə vaxt açılacağı barədə hələ bir söz deyə bilmərəm».

 

Qeyd edək ki, bundan öncə Kiyev-Bakı-Kiyev aviareysini Ukraynanın «Aerosvit» şirkəti yerinə yetirib. Lakin dekabrın sonunda «Aerosvit» şirkəti Kiyev Təsərrüfat Məhkəməsinə iflas barədə müraciət təqdim edib. Məhkəmənin qərarında göstərilir ki, şirkətin 27 dekabr 2012-ci ilə qədər olan borcu 4,270 mlrd. qrivna (537,5 mln. ABŞ dolları), aktivlərinin balans dəyəri isə 1,467 mlrd. qrivna (184,6 mln. dollar) təşkil edir. Dekabrın 29-da sözügedən məhkəmə aviaşirkətin iflası barədə işin başlanmasına dair qərar qəbul edib. Yanvar ayında «Aerosvit» Kiyev-Bakı-Kiyev aviareysləri üzrə uçuşları dayandırıb.

 

Xatırladaq ki, «Ukrayna Beynəlxalq Hava Yolları» aviaşirkəti 1992-ci ildə dövlət tərəfindən yaradılıb və 2011-ci ildə özəlləşdirilib. Hazırda aviaşirkət Kiyevdən Cenevrə, London, Paris, Nitsa, Brüssel, Madrid, Barselona, Almatı, Dubay, Tel-Əviv, Lissabon, Amsterdam, Berlin, Tbilisi, Milan, Roma, Frankfurt, Sürix, İrəvan, Helsinki, Samara, Moskva və Vyanaya aviareyslər yerinə yetirir. Aviaşirkətin parkı 21 ədəd «Boeing-737» təyyarəsindən ibarətdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR