Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Bakıda «Xalq kompüteri» layihəsi çərçivəsində 20 mininci kompüterin sahibinə hədiyyə təqdim olunub. «APA-Economics»in məlumatına görə, bununla bağlı keçirilən tədbirdə layihənin baş meneceri Emin Axundov vurğulayıb ki, layihə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, «HP-Azerbaijan» şirkəti və «Microsoft» şirkətinin Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir. Layihənin operatoru isə «BestComp Group» şirkətidir: «Layihənin əsas məqsədi əhalinin müxtəlif sosial təbəqələrinə müasir kompüterlər və lisenziyalı proqram təminatı almaq üçün şərait yaratmaqdır. Həmçinin, regionlarda İKT-nin geniş tətbiqi vasitəsilə «elektron hökumət»in inkişafına yönəlmiş fəaliyyətlərini dəstəkləməkdir. «Xalq Kompüteri» layihəsi çərçivəsində Azərbaycandakı orta məktəblərin müəllimləri, şagirdləri, ali məktəb tələbələri və təhsil sektorunun işçiləri güzəştli şərtlərlə kompüterlər almaq imkanı əldə ediblər. Layihədə təqdim edilən kompüter və noutbuklar lisenziyalı proqram təminatına malikdir və bazar qiymətlərindən 25-40% aşağı qiymətə, 12 ay müddətində faizsiz kreditlə təqdim edilir».
E.Axundov onu da bildirib ki, ümumilikdə layihəyə 2009-cu il aprelin 10-da start verilib və bu günədək 20 283 şəxs fərdi kompüter və noutbuklar əldə edib: «Layihə çərçivəsində 20 mininci kompüterin alıcısı Naxçıvan Muxtar Respublikasının sakini Ruslan Cəfərov olub. Yubiley alıcıya onun əldə etdiyi portativ kompüter pulsuz təqdim edilib və əlavə olaraq printer hədiyyə olunub. Printerlər həmçinin 19 999-cu və 20 001-ci fərdi kompüter alıcılarına da hədiyyə edilib».
Tədbirdə çıxış edən «BestComp Group»un baş direktoru Rauf Həsənov qeyd edib ki, ümumilikdə bu günədək layihəyə 13 mln. manatdan çox vəsait yatırılıb və onun 3 mln. manatı 2012-ci ildə sərf olunub: «Kompüterlərin 16%-i Bakıda, 13,3%-i Naxçıvanda, qalanları isə ölkənin digər regionlarında olan istifadəçilər tərəfindən əldə edilib. Layihə çərçivəsində əldə edilən kompüterlərin 90%-dən çoxu portativ texnikanın payına düşüb».
Tədbirdə çıxış edən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi informasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri İsbəndiyar Əliyev bildirib ki, son illər ərzində ölkədə İKT sektoru sürətlə inkişaf edir və cari ilin 10 ayı ərzində sözügedən sahə 18,2% artıb. İ.Əliyev onu da əlavə edib ki, gələn ildən etibarən ölkədə genişzolağlı internetin inkişafına dair xüsusi fəaliyyət proqramına başlanacaq və bunun nəticəsində regionlarda internetin sürəti 10-30 Mbit/saniyə, Bakıda isə 30-100 Mbit/saniyə təşkil edəcək.
Həmçinin qeyd olunub ki, gələcəkdə bu layihə çərçivəsində ölkənin səhiyyə sahəsində çalışanlar və dövlət qulluqçuları güzəştli şərlərlə kompüter və noutbuklar əldə edə biləcəklər.