Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində dünyada mobil telefon və smartfonların satışında rekord göstərici qeydə alınıb.
«APA-Economics»in «Strategy Analytics» analitik şirkətinə istinadən verdiyi məlumata görə, 2012-ci ildə dünyada 1,740 mlrd. ədəd mobil qurğu realizə olunub ki, bu da 2011-ci illə müqayisədə 1,8% çoxdur.
Analitiklərin fikrincə, 2012-ci ildə mobil qurğuların satışında rekord göstəricinin qeydə alınması «Apple iPhone», «Samsung Galaxy S III» və «Samsung Galaxy Note» samrtfonlarına tələbatın çox olması ilə əlaqədardır.
Bundan başqa, mobil qurğuların rüblük satışı da hesablanıb. Belə ki, 2012-ci ilin IV rübündə 501,1 mln. ədəd mobil telefon və smartfon realizə olunub. Hesabat ilinin I rübündə bu göstərici 413,8 mln. ədəd, II rübündə – 405,6 mln. ədəd, III rübündə isə 424,3 mln. ədəd təşkil edib.
«Strategy Analytics» şirkətinin proqnozlarına əsasən, 2013-cü ildə dünya üzrə mobil telefon və smartfonların satışı 2012-ci ilə nisbətən 5% artaraq 1,830 mlrd. ədədə, 2014-cü ildə isə 1,890 mlrd. ədədə çatacaq.