Bank Of Baku

ASAN xidmət mərkəzlərində bank, sığorta və tibbi xidmətlər də göstəriləcək

ASAN xidmət mərkəzlərində bank, sığorta və tibbi xidmətlər də göstəriləcək
# 19 mart 2013 08:39 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Bundan sonra ASAN xidmət mərkəzlərində bank hesabı açmaq, valyuta dəyişmək, kredit ödənişi aparmaq, kommunal və rabitə xidmətlərinə görə ödənişlər etmək, avtomobili və daşınmaz əmlakı sığortalamaq,  hüquqi və tərcümə xidmətlərdən istifadə etmək, o cümlədən məhkəməyə iddia ərizəsi hazırlamaq mümkün olacaq. Eləcə də vətəndaşlar ASAN xidmət mərkəzlərindən tibbi arayış və ilkin tibbi xidmət ala biləcəklər. «APA-Economics»in məlumatına görə, bu, «ASAN xidmət mərkəzlərinin fəaliyyətinin təşkili və xidmətlərin göstərilməsi Qaydaları»na dəyişiklik edilməsi barədə Azərbaycan prezidentinin imzaladığı fərmanda nəzərdə tutulur.

 

Fərmanla Qaydalara edilən dəyişikliklərə əsasən, ASAN xidmət mərkəzlərinin göstərdiyi xidmətlərin çeşidi genişləndirilib. Belə ki, ASAN xidmət mərkəzlərinin göstərəcəyi «funksional yardımçı xidmətlər»in siyahısına bank xidmətləri də əlavə edilib. Belə ki, mərkəzlərdə cari bank hesablarının açılması, valyuta mübadiləsi, ASAN-da göstərilən xidmətlərlə bağlı dövlət rüsumları və xidmət haqlarının qəbulu, inzibati xətalara dair cərimələrin qəbulu mümkün olacaq. Mərkəzlərdə sığorta xidmətləri, o cümlədən avtomobillərin və daşınmaz əmlakın sığortası da mümkün olacaq.

 

ASAN xidmət mərkəzlərində vətəndaşlar hüquqi yardım xidmətlərindən istifadə edə biləcəklər. Bura hüquqi məsələlərə dair şifahi və yazılı məsləhətlər, izahatlar və arayışların verilməsi, məhkəmələrə iddia ərizələrinin verilməsi ilə bağlı hüquqi yardım göstərilməsi, ərizələrin, şikayətlərin və hüquqi xarakterli sənədlərin tərtib edilməsi və vətəndaşların müraciəti əsasında digər növ hüquqi yardımlar aiddir.

 

Dəyişikliklərə əsasən, ASAN xidmət mərkəzləri tərcümə xidməti də göstərəcək - bütün növ sənədlərin dövlət dilinə və ya dövlət dilindən digərinə tərcümə edilməsi xidmətləri mərkəzin funksiyalarına daxil edilib.

 

Nəhayət, mərkəzlərdə tibb xidmətləri, o cümlədən tibbi arayışların verilməsi və ilkin tibbi yardım göstərilməsi də mümkün olacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR