Bakı. Nicat Mustafayev – APA-Economics. Hər il Avropada keçirilən «İlin avtomobili» müsabiqəsinin finalçılarının adları açıqlanıb.
«APA-Economics»in məlumatına görə, müsabiqənin finalına 34 avtomobil modelindən cəmi 8-i çıxa bilib. Qalibin adı 2013-cü ilin martın 4-də Cenevrədə keçiriləcək beynəlxalq avtomobil sərgisində açıqlanacaq.
Müsabiqənin reqlamentinə əsasən, finalçıları xüsusi münsiflər heyəti müəyyən edib ki, bura Avropanın 22 ölkəsinin avtomobil jurnalistləri daxildir.
Gələn il «Avropanın ən yaxşı avtomobili» adı uğrunda «Ford B-Max», «Hyundai i30», «Mercedes-Benz A-class», «Peugeot 208», «Renault Clio», «Toyota GT 86» («Subaru BRZ» ilə birgə), «Volvo V40» və «Volkswagen Golf» avtomobil modelləri mübarizə aparacaq.
Qeyd edə ki, «Renault Clio» və «Volkswagen Golf» kimi nominantlar ötən müsabiqələrdə artıq bu ada layiq görülüb. Ötən il sözügedən müsabiqənin qalibi «Opel Ampera» olub, ikinci yerdə «Volkswagen up!», üçüncü yerdə isə «Ford Focus» qərarlaşıb.