Bakı. Könül Cəfərli – APA. Hollandiya və Fransanın müştərək “Air France-KLM” hava yolları şirkəti 2013-cü ilin aprelindən etibarən İrana aviareysləri dayandıracağını bəyan edib.
APA-nın məlumatına görə, şirkət bu qərarını siyasi deyil, iqtisadi səbəblərlə əlaqələndirib. “Air France-KLM” şirkətinin sözçüsü bildirib ki, qərara əsasən, Amsterdam-Tehran aviareysi tamamilə dayandırılacaq. Bundan sonra İran vətəndaşları yalnız Almaniyanın “Lufthansa” hava yolları şirkəti vasitəsilə Avropaya səfər edə biləcəklər.
Qeyd edək ki, hazırda şirkət Amsterdam-Tehran aviareysi üzrə uçuşları həyata keşirsə də, ancaq son həftələrdə səfərlərin sayı xeyli azalıb. “Air France-KLM” həmçinin Efiopiyanın paytaxtı Əddis-Əbəbə və Sudanın paytaxtı Xartum şəhərlərinə aviareysləri dayandırmaq niyyətindədir.
Bundan əlavə, Almaniyanın “Lufthansa” hava yolları şirkətinin törəməsi olan “Austrian Airlines” də yanvarın 12-də tələbatın olmaması səbəbindən Vyana-Tehran aviareysini dayandırdığını açıqlayıb. Xəbərdə Tehrandan Vyanaya sonuncu səfərin yanvarın 13-də həyata keçiriləcəyi bildirilib.