Bakı. Əli Əhmədov - APA-Economics. İspaniyanın Madrid şəhərində “Avtomobil nəqliyyatı sahəsində Avropa İttifaqının sosial qanunvericiliyinin tətbiqi” ilə bağlı təlim səfəri keçirilib.
Nəqliyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, Avropa Komissiyasının TAİEX layihəsi çərçivəsində təşkil edilən tədbirdə nazirliyin və Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşları da iştirak edib.
Təlim iştirakçıları magistral avtomobil yolunda İspaniya Mülki Qvardiya Polisinin və Nəqliyyat Nazirliyinin müfəttişlərinin iştirakı ilə yolkənarı nəzarət tədbirlərində iştirak və nəqliyyat vasitələri sürücülərinin iş və istirahət rejiminə riayət etmələrinə nəzarət üzrə yoxlama, pozuntu hallarının aşkar edilməsi, müvafiq inzibati və maliyyə sanksiyalarının tətbiq olunması prosesini müşahidə ediblər.
Eyni zamanda İspaniyanın ilk aparıcı səlahiyyətli texniki servis mərkəzi olan “Kontinental” emalatxanasının texniki heyəti ilə görüş keçirilib. Görüşdə emalatxana, onun nailiyyətləri, tətbiq olunan texnologiyalar, avadanlıqlar, emalatxanaların fəaliyyətinə razılığın verilməsi, taxoqrafların quraşdırılması və kalibrasiya prosesi barədə ətraflı məlumat verilib.
Bundan başqa, təlim çərçivəsində müxtəlif tipli sənədlərin, o cümlədən milli şəxsiyyət vəsiqələrinin, pasportların, sürücülük vəsiqələrinin, taxoqraf kartlarının (nəzarət, sürücü, şirkət və emalatxana) və s. istehsalı üzrə ixtisaslaşmış İspaniyanın Qiymətli Kağızlar Fabrikində görüş də təşkil edilib. Görüşdə smart kartların istehsalında tətbiq olunan və yüksək təhlükəsizlik tələblərinə cavab verən proqram təminatı, istifadə olunan avadanlıqlar, istehsal prosesi barədə təqdimatlar edilib. Müvafiq layihələr çərçivəsində Nəqliyyat Nazirliyinin Aİ üzv dövlətlərinin nəqliyyat qurumları ilə əməkdaşlığı davam etdirilir və səfər zamanı Bakıda növbəti seminar və təlim proqramlarının təşkili ilə əlaqədar məsələlər müzakirə olunub.