Bank Of Baku

Aydın Əliyev: «Azərbaycanın gömrük məntəqələrində yoxlama müddəti zamanı vaxt itkisi minimuma endirilib»

Aydın Əliyev: «Azərbaycanın gömrük məntəqələrində yoxlama müddəti zamanı vaxt itkisi minimuma endirilib»
# 23 yanvar 2013 13:14 (UTC +04:00)

Bakı – APA-Economics. Yanvarın 23-də Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncının başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

DGK mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə A.Əliyev türkdilli ölkələrin əməkdaşlığının, o cümlədən iqtisadi-ticari, gömrük sferasında əlaqələrinin genişləndirilməsinin əhəmiyyətindən danışıb, bu əməkdaşlığın davamlı inkişafının zəruriliyini vurğulayıb.

 

Ötən il Naxçıvanda keçirilən Türkdilli dövlətlərin gömrük xidməti rəhbərlərinin görüşünü də xatırladan Komitə sədri bu görüşdə ticarətin və sərhəddən keçmənin sadələşdirilməsi üçün türkdilli dövlətlərin gömrük xidmətləri arasında əməkdaşlığın genişləndirilməsi, buraxılış məntəqələrinin infrastrukturunun təkmilləşdirilməsi, potensialının gücləndirilməsi, mal və nəqliyyat vasitələrinin, o cümlədən sərnişinlərin sərhəddən keçidinin sürətləndirilməsi, məlumat və qabaqcıl təcrübə mübadiləsi ilə narkotiklərin qanunsuz dövriyyəsinə və qaçaqmalçılığa qarşı səylərin birləşdirilməsi və s. bu kimi müzakirə olunan məsələləri, əldə olunan razılaşmaları birgə əməkdaşlığın gələcək inkişafına yönələn  mühüm addımlardan biri kimi dəyərləndirib.

 

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncı  bu mötəbər quruma daxil olan ölkələrin bütün istiqamətlərdə, eləcə də gömrük sahəsində əlaqələrinin inkişafı üçün nəzərdə tutulan məsələlərdən bəhs edib. Türkdilli ölkələr arasında  əlaqələrin inkişafında gömrük orqanlarının mühüm rolunu qeyd edən qonaq bu baxımdan müvafiq sahədə qarşılıqlı əməkdaşlığın genişləndirilməsinin zəruriliyini diqqətə çatdırmış, mal və nəqliyyat vasitələrinin  sərhəddən keçidinin sürətləndirilməsi ilə bağlı birgə həyata keçirilən tədbirlərin daha da intensivləşdirilməsinin vacibliyini vurğulayıb.

 

Öz növbəsində DGK sədri Aydın Əliyev bildirib ki, bu gün Azərbaycanın əsas sərhəd qapılarında beynəlxalq standartlara tam cavab verən, müasir texniki-nəzarət vasitələri ilə təmin edilən  gömrük keçid məntəqələri inşa edilərək istifadəyə verilib və bu məntəqələrdə yoxlama müddəti zamanı vaxt itkisi minimuma endirilib. Artıq ölkə sərhədlərində Azərbaycan tərəfdən bu kimi problemlərin yaşanmadığını qeyd edən Komitə sədri gələcəkdə qarşı tərəflərin də bu cür halların aradan qaldırılması istiqamətində konkret tədbirlər həyata keçirəcəklərinə ümidvar olduğunu bildirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR